28 aprel-Ümumdünya Əməyin Mühafizəsi Günüdür

2003-cü ildə Beynəlxalq Əmək Təşkilatı tərəfindən 28 aprel “Ümumdünya Əməyin Mühafizəsi Günü” elan edilmişdir. Bu günün təsis olunmasında məqsəd istehsalatda bədbəxt hadisələrin baş verməsinin qarşısının alınmasına, sağlam və təhlükəsiz əmək şəraitinin yaradılmasına ictimai diqqətin artırılmasıdır.


Ölkəmizdə əməyin mühafizəsi, işçilərin hüquqlarının qorunması, təhlükəsiz və sağlam iş yerlərinin yaradılması sosial siyasətin əsas istiqaməti hesab olunur. Bu sahədə həyata keçirilən tədbirlər ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, ulu öndərin ölkəmizə rəhbərliyi dövründə əmək münasibətləri və əməyin mühafizəsi sahəsində beynəlxalq prinsiplərə uyğun normativ-hüquqi aktlar qəbul olunmuş, Beynəlxalq Əmək Təşkilatının bir sıra konvensiyaları ratifikasiya edilmiş, zəngin qanunvericilik bazası yaradılmışdır. “Azərbaycan dövlətinin ən qiymətli sərvəti onun insanlarıdır”, – deyən ulu öndərin müəllifi olduğu Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsində hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək hüququ təsbit olunmuşdur. Həmçinin ölkənin bu əsas Qanununda işçilərin əmək və istirahət hüquqlarının əsasları da əksini tapmışdır. Bununla yanaşı əmək münasibətlərini tənzimləyən əsas qanunvericilik aktı 1999-cu ildə qəbul edilən Azərbaycan Respublikasının Əmək Məcəlləsidir. Məcəllədə əmək münasibətlərində olan işçilərin və işəgötürənlərin hüquq və vəzifələri, qarşılıqlı məsuliyyətləri, habelə əməyin mühafizəsini tənzimləyən norma, qayda və prinsiplər öz əksini tapmışdır. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkəmizdə əmək hüquqlarının təmin olunmasını diqqətdə saxlayır, əməyin mühafizəsi sahəsində qanunvericilik təkmilləşdirilir, əmək şəraiti yaxşılaşdırılır.
Muxtar respublikada da əməyin mühafizəsi tədbirləri diqqət mərkəzindədir. Əmək şəraitinin yaxşılaşdırılması ilə yanaşı, istehsalat mədəniyyətinin yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər görülür. Muxtar respublikada həyata keçirilən genişmiqyaslı tikinti-abadlıq işləri, yeni istehsal və emal müəssisələrinin, xidmət sahələrinin fəaliyyətə başlaması, iqtisadiyyatın müxtəlif sahələrində çalışan işçilərin əmək hüquqlarının qorunması əməyin mühafizəsi üzrə tədbirlərin həyata keçirilməsini şərtləndirir.
Ötən dövrdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisində istehsalatda baş verən bədbəxt hadisələr və onların aradan qaldırılması sahəsində görülən tədbirlər, tikinti sektorunda əməyin təşkili, təhlükəsizlik qaydalarına riayət olunması, tikintidə işlərin keyfiyyətlə aparılması və təhlükəsizlik tədbirləri ilə bağlı keçirilən müşavirələrdə verilən tapşırıqların icrası əməyin mühafizəsi ilə bağlı uğurlu nəticələrin əldə edilməsinə səbəb olmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda qeyri-formal məşğulluğun qarşısının alınması və əməyin mühafizəsi istiqamətində daha geniş tədbirlərin görülməsi nəzərdə tutulmuşdur. Hazırda muxtar respublikada işçilərin həyatı və sağlamlığına təhlükə yarada biləcək hadisələrin qarşısının alınması üçün profilaktik tədbirlər görülür, tikinti aparılan obyektlərdə işçilər üçün sanitar-gigiyenik qaydalara cavab verən xüsusi yerlər hazırlanır, onlar peşələrinə uyğun xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin edilirlər.
Əməyin mühafizəsi istiqamətində nəzarət və maarifləndirmə tədbirləri də görülür. Görülən tədbirlər nəticəsində əməyin mühafizəsi qaydalarının pozulmasına görə inzibati xəta hallarında, həmçinin istehsalatda baş vermiş bədbəxt hadisələrin sayında ötən illərlə müqayisədə azalma olmuşdur. Cari ilin birinci rübündə bu istiqamətdə tədbirlər davam etdirilmiş, əməyin mühafizəsinin təşkili ilə bağlı müvafiq baxışlar keçirilmiş, fərdi mühafizə vasitələrindən istifadə etməyən işçilər iş sahəsindən uzaqlaşdırılmış və ya fərdi mühafizə vasitələri ilə yerində təmin edilmişdir. Qeyri-formal məşğulluğun qarşısının alınması, işə götürülən şəxslərlə əmək müqavilələrinin bağlanmasına nəzarət məqsədi ilə monitorinqlər aparılmış, aparılan nəzarət zamanı əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb edilən işçilərə görə işəgötürənlərə xəbərdarlıq edilərək qanunvericiliyin tələbləri izah olunmuşdur.
Muxtar respublikada müasir informasiya-kommunikasiya vasitələrinin imkanlarından istifadə edilərək işçilərin əmək hüquqları ilə bağlı bir sıra məsələlər elektronlaşdırılmış, Naxçıvan Muxtar Respublikasında “Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemi” işəgötürənlərin istifadəsinə verilmişdir. Bu sistem işəgötürən ilə işçi münasibətlərinin rəsmiləşdirilməsinə, əməyin mühafizəsi məsələlərinə dövlət nəzarətinin daha da güclənməsinə imkan verəcəkdir.
Əmək qanunvericiliyinin tətbiqinə dair maarifləndirici tədbirlər mütəmadi davam etdirilir. Əməyin mühafizəsini daha geniş şəkildə təbliğ etmək məqsədilə “Əməyin mühafizəsi”adlı elektron jurnal rübdə bir dəfə olmaqla Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “sosial.nmr.az” internet səhifəsinə yerləşdirilir. Əmək münasibətlərinin elektron informasiya sistemi vasitəsi ilə rəsmiləşdirilməsinə dair seminarlar, həmçinin əməyin mühafizəsi norma və qaydalarına əməl edilməsinə dair işçi heyətlə yerlərdə görüşlərin keçirilməsi də rüb ərzində davam etdirilmişdir. Həmçinin “255” nömrəli qaynar xətt vasitəsilə daxil olan müraciətlər qanunamüvafiq olaraq cavablandırılır.
Əməyin mühafizəsi sahəsində həyata keçirilən tədbirlər insan amilinə yüksək diqqət və qayğını özündə ehtiva edir. Əməyin mühafizəsinin təşkili muxtar respublikamızda bundan sonra da xüsusi diqqət yetirilən vacib məsələlərdən biri olacaqdır.

737933
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
107
870
4349
16707
737933

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg