Yeni alınmış kənd təsərrüfatı texnikalarına baxış olub

Ölkə Prezidenti cənab İlham Əliyev deyib: "İndiki şəraitdə kənd təsərrüfatı emalı sahəsinə daha çox diqqət yetirilməlidir. Çünki biz əlavə dəyər zənciri yaratmalıyıq və çalışmalıyıq ki, həm daxili bazara, həm xarici bazarlara daha çox hazır məhsul təqdim edək".Muxtar respublikada kənd təsərrüfatının prioritet sahə kimi müəyyənləşdirilməsi

yerli istehsalın həcmini artırıb, ixrac imkanı yaradıb və əhalinin məşğulluğu təmin olunub. Bu gün torpaq mülkiyyətçiləri və fermerlərin müasir kənd təsərrüfatı texnikaları ilə təmin olunması da məhsul istehsalında rentabelliyi artıran əsas tədbirlərdəndir.

Mayın 21-də muxtar respublikada yaz-tarla işlərinin vəziyyəti müzakirə edilib, yeni alınan kənd təsərrüfatı texnikalarına baxış keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib.

Naxçıvan Muxtar Respublikası Baş Nazirinin birinci müavini Elşad Əliyev çıxış edərək deyib ki, yeni innovativ texnologiyaların tətbiqi muxtar respublikada kənd təsərrüfatı məhsulları istehsalının artmasına səbəb olub. Bu da əkinlərin optimal müddətdə aqrotexniki qaydalara uyğun aparılmasına, məhsulun itkisiz və vaxtında yığılmasına, məhsuldarlığın yüksəldilməsinə, əl əməyinin yüngülləşdirilməsinə və məhsul istehsalına çəkilən xərclərin azalmasına imkan verir. Ötən dövrdə muxtar respublikada 1228 mülkiyyətçiyə lizinqə verilmiş 2081 texnikaya görə 9 milyon 764 min manat güzəşt tətbiq edilmiş, 359 texnika və texnoloji avadanlığın dəyəri tam ödənildiyindən 232 sahibkara həmin texnikaların onların şəxsi mülkiyyətinə keçirilməsinə dair sənədlər təqdim olunub.

Yaz əkinləri və taxıl biçininə hazırlıq barədə məlumat verən Elşad Əliyev deyib ki, muxtar respublikada tələb olunan toxumlar tədarük edilib, kartof əkinlərinin mütəşəkkil həyata keçirilməsi məqsədilə torpaq mülkiyyətçiləri tərəfindən 2 min ton kartof toxumu, lazım olan miqdarda gübrə və dərman preparatları gömrük rüsumları ödənmədən muxtar respublikaya gətirilib. Yaz aylarında muxtar respublikada 637 hektar sahədə yazlıq arpa, 3 min 240 hektar sahədə kartof, 157 hektar sahədə soğan, 5 min 466 hektar sahədə tərəvəz, 1333 hektar sahədə qarğıdalı, 31 hektar sahədə tütün, 2 min 248 hektar sahədə bostan, 8 min 623 hektar sahədə çoxillik ot olmaqla, ümumilikdə 22 min 800 hektar sahədə əkin aparılıb. Bu ilin məhsulu üçün muxtar respublika üzrə 36 min 753 hektar sahədə taxıl biçini aparılacaq ki, bunun da 26 min 265 hektarını buğda, 10 min 488 hektarını isə arpa əkinləri təşkil edir. Taxıl biçininin optimal müddətdə başa çatdırılması üçün 102 taxılbiçən kombayn, 602 traktor, eləcə də digər texnika və avtomobillər hazır vəziyyətə gətirilib. Ali Məclis Sədrinin tapşırığına uyğun olaraq taxılın alış qiyməti artırılaraq istehsalçılardan buğdanın bir kiloqramı 38, arpanın bir kiloqramı 35, qarğıdalının bir kiloqramı isə 40 qəpikdən qəbul edilərək dəyəri yerində ödəniləcəkdir. Elşad Əliyev kənd təsərrüfatı sahəsində yaradılan şəraitə və göstərilən qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında aqrar sahənin inkişafına göstərilən dövlət qayğısı və həyata keçirilən tədbirlər ərzaq təhlükəsizliyini təmin edib. Azərbaycan Respublikasının Prezidentinin qayğısı ilə 2019-cu ildə aqrolizinq sahəsində xidmətlərin yaxşılaşdırılması ilə bağlı görülən tədbirlər çərçivəsində alınmış yeni kənd təsərrüfatı texnikaları bu gün təqdim olunur. Yeni texnikalar əkin və biçin işlərinin rahat həyata keçirilməsinə imkan verəcək, taxılçılıq, meyvəçilik və tərəvəzçilik sahələrində əl əməyini yüngülləşdirəcəkdir.

Ali Məclisin Sədri deyib: Kənd təsərrüfatı sahəsində həyata keçirilən tədbirlər içərisində texnika ilə yanaşı, toxum və su təminatı da mühüm yer tutur. Artıq muxtar respublikada torpaq mülkiyyətçiləri məhsuldar yerli toxumlarla təmin edilir, eyni zamanda müasir hidrotexniki qurğuların, su anbarlarının tikilməsi yaz və payız suvarma mövsümünün mütəşəkkil keçirilməsinə imkan verir. Bütün bunlar kənd təsərrüfatı sahəsində məşğulluğu təmin etməklə yanaşı, həm də bol məhsul istehsalına və ixrac imkanlarının yaranmasına səbəb olub.

Ali Məclisin Sədri deyib: Dövlətimiz tərəfindən texnikaların verilməsində güzəştlərin tətbiq olunması, yəni texnikanın dəyərinin 20 faizi sahibkar tərəfindən ödənildikdən sonra, onun 40 faizinin dövlət tərəfindən qarşılanması və qalan vəsaitin uzunmüddətli kredit şəklində verilməsi torpaq mülkiyyətçiləri üçün geniş imkanlar açmış, onların istifadəsində olan texnikaların sayı artmışdır. Bu da imkan verəcəkdir ki, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti xidmət göstərən təşkilat kimi fəaliyyətini davam etdirsin. Bu gün muxtar respublikada aqrolizinq xidməti yaxşı təşkil olunub. Sovetlər Birliyi dövründə belə ölkəmizdə və muxtar respublikada kənd təsərrüfatı texnikaları parkı bugünkü səviyyədə olmayıb. Hazırda muxtar respublikada dünyanın inkişaf etmiş ölkələrinin texnikaları əkin, becərmə və biçin işlərində istifadə olunur. Bütün bunlar kənd təsərrüfatı ilə məşğul olan insanlara göstərilən dövlət qayğısıdır.

Ali Məclisin Sədri yeni texnikaların bu sahədə təcrübəsi olan şəxslərə verilməsi və onlardan səmərəli istifadə ilə bağlı tapşırıqlar verib.

Sonra yeni alınmış texnikalara baxış olub.

Bildirilib ki, bu ilin ötən dövründə sahibkarların texnika təminatını düzgün təmin etmək üçün onların sifarişləri əsasında 3 milyon 488 min manat dəyərində 222 texnika və texnoloji avadanlıq, o cümlədən bu ilin may ayında “ Klass” və “ Sampo” markalı 7 taxılbiçən kombayn, 9 traktor, 2 qarğıdalıbiçən, 20 kipvuran, 1 toxumtəmizləyən, 3 saman doğrayan, 1 kartofəkən, 3 kartofçıxaran, 1 qarğıdalı səpən, 6 ağırdiskli mala, 20 kotan və digər texnikalar alınaraq muxtar respublikaya gətirilib. Alınan texnikaların 118-i lizinq yolu ilə torpaq mülkiyyətçilərinə verilib.

717106
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
882
784
4286
23225
717106

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg