Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev deyib: “Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə müasirlikdir, yenilikdir, enerji cəhətdən təmiz texnologiyadır. Bu, bizim gələcəyə baxışımızdır”.
Əlverişli coğrafi mövqeyi və iqlim şəraiti muxtar respublikada alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə geniş imkanlar açır. Son illər yeni su və günəş elektrik stansiyalarının tikilməsi enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə vermişdir. Xüsusilə “Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq muxtar respublikada bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir.
İyulun 8-də Kəngərli rayonunda 3 meqavat gücündə yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.
Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev məlumat verərək deyib ki, yeni Günəş Elektrik Stansiyasının qurulması üçün 9 avqust 2019-cu il tarixdə İsveçrənin “Pure Energy Development” SARL şirkəti ilə Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti arasında müqavilə imzalanıb. Kənd təsərrüfatına yararsız 5 hektar ərazidə yerləşən stansiyada tikinti-quraşdırma işləri qısa müddətdə və yüksək keyfiyyətlə aparılıb, hər birinin gücü 320 vatt olan 9416 “PERC” tipli müasir “şüşə-şüşə” formalı günəş panelləri, hər birinin gücü 50 kilovat olan 61 invertor, müasir tip kommutasiya aparatları və digər elektrik avadanlıqları ilə təmin olunub 3 ədəd 35/0,4 kilovoltluq transformator yarımstansiyası, 1 ədəd 35 kilovoltluq qapalı paylayıcı yarımstansiya quraşdırılıb. Stansiyada alçaq və yüksək gərginlikli kabel xətləri, eləcə də rabitə, müşahidə və idarəetmə sistemi üçün optik kabel xətləri çəkilib, ərazi çəpərlənib, ən müasir siqnalizasiya və video-müşahidə qurğuları ilə təmin olunub. Müasir avadanlıqlarla təchiz olunan stansiyada elektrik enerjisi istehlakçılara itkisiz çatdırılacaqdır.
Yeni quraşdırılan Günəş Elektrik Stansiyasının istismara verilməsi ilə Naxçıvan Muxtar Respublikasında Günəş Elektrik Stansiyalarının illik istehsal gücü 40,5 milyon kilovat-saata çatdırılıb.
Namiq Paşayev göstərilən qayğıya və yaradılan şəraitə görə muxtar respublika energetikləri adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 3 meqavatlıq yeni Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi münasibətilə istehlakçıları təbrik edib, stansiyanın qurulmasında əməyi olanlara təşəkkür edərək deyib: Muxtar respublikada enerji təhlükəsizliyinin təmin olunması sahəsində mühüm işlər görülüb. Ümummilli liderimiz Heydər Əliyev muxtar respublikaya rəhbərlik etdiyi dövrdən başlayaraq Naxçıvanda elektrik stansiyalarının qurulması işinə diqqətlə yanaşmış, 1992-ci ildə Qaz-Turbin Elektrik Stansiyası istifadəyə verilib. Ondan sonrakı dövrdə muxtar respublikanın elektrik enerjisinə olan tələbatı qardaş Türkiyə Respublikasından çəkilən elektrik xətti vasitəsilə ödənilirdi. Ölkə Prezidentinin Sərəncamları ilə muxtar respublikada 87 meqavatlıq Modul Elektrik Stansiyası, yeni su və günəş elektrik stansiyaları tikilib və nəticədə muxtar respublikanın enerji təhlükəsizliyi tam təmin olunub.
Ali Məclisin Sədri deyib: Bu gün muxtar respublikada qarşıda duran əsas məsələ enerji təminatında bərpa olunan enerji mənbələrindən istifadəyə üstünlük verməkdir. Görülən işlərin nəticəsidir ki, artıq muxtar respublikada elektrik enerjisinə olan tələbat yerli istehsal hesabına ödənilməklə yanaşı, həm də ixrac imkanları yaranıb. Xüsusilə su və günəş elektrik stansiyalarından alınmış enerji ilə təminata üstünlük verilir ki, bu da Dövlət Energetika Xidmətinin gəlirlərini artırır. Hazırda muxtar respublikada elektrik enerjisinə olan tələbatın 55 faizi bərpa olunan enerji mənbələri hesabına ödənilir. İstifadəyə verilən günəş elektrik stansiyalarının ümumi gücü 27 meqavata bərabərdir. Ötən il Kəngərli rayonu ərazisində 2 meqavatlıq Günəş Elektrik Stansiyası istifadəyə verilib. Bu gün isə rayonda 3 meqavat gücündə yeni Günəş Elektrik Stansiyası fəaliyyətə başlayır. Kəngərli rayonunda istifadəyə verilən günəş elektrik stansiyaları rayon üzrə abonentlərin 32 faizə yaxınını elektrik enerjisi ilə təmin etmək gücündədir.
Ali Məclisin Sədri deyib: Muxtar respublikada enerji təhlükəsizliyi sahəsində qarşıda duran əsas vəzifə dünya dövlətlərinin də xüsusi diqqət yetirdiyi bərpa olunan enerji ilə təminat işidir. Ona görə də muxtar respublikada günəş enerjisindən, eləcə də mövcud hidroenerji potensialından səmərəli istifadə olunur, dağ çaylarında yeni su elektrik stansiyaları tikilir. Hazırda Ordubad və Tivi su elektrik stansiyalarının tikintisi davam etdirilir. Bu stansiyalar istifadəyə verildikdən sonra muxtar respublikanın elektrik enerjisi tələbatının 90 faizə yaxını bərpaolunan enerji mənbələri hesabına təmin olunacaqdır. Yeni stansiyaların qurulması həm də mütəxəssis hazırlığını zəruri edir. Naxçıvan Dövlət Universitetində energetika sahəsində kadr təminatını ödəmək üçün müvafiq ixtisas açılıb, həmin ixtisas Dövlət Energetika Xidmətinin hamiliyinə verilib. Artıq o ixtisası bitirən məzunlar Dövlət Energetika Xidmətində müxtəlif sahələrdə işlə təmin olunur, yeni qurulan stansiyaları yerli mütəxəssislər idarə edirlər.
“Yeni qurulan elektrik stansiyaları ilə yanaşı, bu sahədə yetişən yerli mütəxəssislərimiz də bizim sərvətimizdir”, - deyən Ali Məclisin Sədri Dövlət Energetika Xidməti tərəfindən mütəxəssis hazırlığına bundan sonra da diqqət yetirilməsi və qurulanlardan səmərəli istifadə olunması barədə tapşırıqlar verib.
Sonra Ali Məclisin Sədri açılışı bildirən lenti kəsib.
Tədbirə onlayn qoşulan İsveçrənin “Pure Energy Development” SARL şirkətinin icraçı direktoru Mişel Kalerami deyib: “Şirkətimizə güvəndiyiniz və bizi seçdiyiniz üçün minnətdarlıq edirik. Naxçıvan regionda alternativ enerji istehsalı sahəsində liderliyini qoruyur. Təbii ki, bu qürurun bir parçası olmaq bizim üçün də şərəfdir. Ümid edirəm ki, ən qısa zamanda özümü sakini hiss etdiyim Naxçıvana yenidən gələcəyəm”.
Ali Məclisin Sədri İsveçrənin “Pure Energy Development” SARL şirkəti ilə əməkdaşlıqdan məmnunluğunu bildirib, gələcəkdə də Naxçıvanda yeni Günəş və külək elektrik stansiyalarının tikintisinin davam etdiriləcəyini diqqətə çatdırıb.
Daha sonra Dövlət Energetika Xidmətinə yeni avtomobil və texnikalar təqdim olunub.
Bildirilib ki, xidmət üçün 1 ədəd “Hyundai İoniq” markalı elektriklə işləyən avtomobil, 4 ədəd “Qazel” markalı avtomobil, 1 ədəd “BKM-317A” markalı yerqazan qurğu və 2 ədəd xüsusi təyinatlı “Ford” markalı avtomobil alınıb. Yeni texnika və avtomobillər xidmətdə işin səmərəliliyinin artırılmasına imkan verəcəkdir. Elektriklə işləyən “Hyundai İoniq” markalı avtomobil tam dolu batareya ilə 200 kilometr məsafə qətetmə imkanına malikdir.
Ali Məclisin Sədri avtomobil və texnikalara baxıb, müvafiq tapşırıq və tövsiyələr verib.

717778
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
506
1048
4958
23897
717778

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg