Cəlilkənddə içməli su şəbəkəsi qurulub

“Şərur şəhərinin və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində rayonun Cəlilkəndində də yeni içməli su şəbəkəsi qurulub.
İyulun 24-də kənddə içməli su şəbəkəsinin açılışı olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.
Məlumat verilib ki, Cəlilkənddə içməli su şəbəkəsinin tikintisinə 2019-cu ilin noyabr ayında başlanılıb. Su Şərur şəhərinə gələn ana xətdən götürülərək paylayıcı şəbəkəyə verilir. Layihəyə uyğun olaraq ərazidə diametri 25 millimetrdən 280 millimetrə qədər olan plastik borularla 18,3 kilometr içməli su xətti çəkilib, ev birləşmələri aparılıb, 342 evə su verilərək sayğac quraşdırılıb, 2222 sakin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunub. Su şəbəkəsi üzərində 5 yanğın hidrantı, qəza zamanı məhəllə xətlərinin bağlanması üçün müxtəlif diametrli 26 siyirtmə və 2 suboşaldıcı quraşdırılıb.
Yerin relyefindən asılı olaraq mənzillərə su 2-5 bar arası təzyiqlə verilir. Layihə çərçivəsində Şərur şəhəri və ətraf 5 kənd - Mahmudkənd, Yengicə, Zeyvə, Düdəngə və Cəlilkənd üzrə, ümumilikdə, 4906 ev və 170 müəssisə su şəbəkəsinə qoşulub, sakinlər Beynəlxalq Səhiyyə Təşkilatının tələblərinə cavab verən təmiz içməli su ilə təmin olunublar.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək deyib: Hər bir yaşayış məntəqəsinin su təminatının yaxşılaşdırılması vacib məsələdir. Su haradadırsa, həyat, sağlamlıq və təmizlik də oradadır. Ölkəmizdə qəbul olunmuş dövlət proqramlarının tərkib hissəsi kimi muxtar respublikamızda da əhalinin içməli və təsərrüfat suyu ilə təminatı diqqətdə saxlanılır. Ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq həyata keçirilən bu işlər böyük əhəmiyyət daşıyır. Çünki dayanıqlı su təminatı əhalinin sosial problemlərinin həll olunması sahəsində görülən vacib işlərdəndir. “Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinə uyğun olaraq həyata keçirilmiş tədbirlər Cəlilkənddə də içməli su problemini həll etmişdir. Kənddə müxtəlif diametrli borularla ümumi uzunluğu 18 kilometrdən artıq olan su xətti çəkilmiş, 340-dan çox abonentlə müqavilə bağlanmışdır.
Ali Məclisin Sədri deyib: Şərur Şəhər Sutəmizləyici Qurğular Kompleksində 4 mərhələdə təmizlənən və yüksək standartlara cavab verən içməli su Şərur şəhərində və ətraf kəndlərində uzun illər əhalinin tələbatını ödəyəcəkdir. Cəlilkəndin 2200-dən artıq əhalisi tam standartlara cavab verən sudan istifadə edəcəkdir. Eyni zamanda gələcəkdə rayonun digər kəndlərində də bu layihə həyata keçiriləcəkdir. Ona görə də sudan qənaətlə istifadə olunmalıdır. Çünki hər bir evə suyun çatdırılması üçün böyük zəhmət çəkilib, ən müasir sistem qurulub. Sutəmizləyici Qurğular Kompleksindən su elektrik enerjisi istifadə olunmadan Şərur şəhərinə və ətraf 5 kəndə verilir.
Ali Məclisin Sədri deyib: Cəlilkənd ziyalılar kəndidir. Şərur rayonunda ilk məktəb və kitabxana burada yaradılıb. Rayon ərazisindəki yeganə buzxana abidəsi də Cəlilkənddədir. Kəndin qədim tarixi və zəhmətkeş insanları vardır. Ona görə kəndin inkişafı mərhələ-mərhələ həyata keçirilib, insanların rahat yaşayışı üçün şərait yaradılıb. İçməli su təminatı da sakinlərin uzun illər çəkdiyi əziyyətə son qoyub.
Ali Məclisin Sədri sakinlərə təbriklərini çatdırıb, içməli su şəbəkəsinin qurulmasında əməyi olanlara təşəkkür edib.
Kənd ağsaqqalı Namiq Hüseynov deyib: “Dünyanı bürüyən pandemiya dövründə respublikamızda quruculuq işləri öz axarında davam edir və hər tərəf günü-gündən gözəlləşir. Bir neçə il bundan əvvəl Cəlilkənddə gözəl, yaraşıqlı məktəb binası, həkim ambulatoriyası, mədəniyyət evi, muzey, kənd və xidmət mərkəzi tikilərək sakinlərin istifadəsinə verilib. XIX əsrə aid Buzxana abidəsi yenidən qurulub. Təbii qaz və elektrik xətləri yenilənib, geniş asfalt yol salınıb. Yaradılan şəraitdən istifadə edərək kəndimizin zəhmətkeşləri torpaqlarını əkir, təsərrüfatlarını genişləndirir, muxtar respublikada məhsul bolluğuna öz töhfələrini verirlər. Bizim ancaq bir problemimiz var idi. Bu da içməli suyun olmaması idi. Sizin böyük təşəbbüsünüz, diqqət və qayğınız sayəsində tez bir zamanda bu problem aradan qaldırıldı. Kəndə içməli su xətti çəkildi. İndi çox sevinirik ki, kəndimiz 24 saat davamlı, Dünya Səhiyyə Təşkilatının tələblərinə cavab verən içməli su ilə təmin olunub. Göstərilən diqqət və qayğıya, yaradılan şəraitə görə kənd əhalisi adından minnətdarlıq edirik”.
Ali Məclisin Sədri içməli su şəbəkəsinin istifadəyə verilməsini bildirən qurğunu işə salıb, Şərur rayonunun Sərxanlı kəndində içməli su şəbəkəsinin qurulması barədə tapşırıqlar verib.

717157
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
933
784
4337
23276
717157

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg