Qurban bayramı ərəfəsində sosial qayğıya ehtiyacı olan şəxslərə bayram sovqatları təqdim olunub

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən, iyul ayının 30-da – Qurban bayramı ərəfəsində xüsusi qayğıya ehtiyacı olan şəxslərlə görüşlər keçirilib, onlara bayram sovqatları təqdim olunub.
Bu münasibətlə keçirilən tədbirdə çıxış edənlər bildiriblər ki, sosial qayğıya ehtiyacı olan şəxslər dövlətimizin hərtərəfli qayğısı əhatəsindədir. Onların sosial müdafiəsi, məşğulluğu, habelə cəmiyyətə inteqrasiyalarının səmərəli təşkili istiqamətində davamlı tədbirlər həyata keçirilir, bu istiqamətdə göstərilən xidmətlərin həcmi və keyfiyyəti ilbəil yaxşılaşdırılır.
Qeyd edək ki, keçirilən görüşlərdə sağlamlıq imkanları məhdud şəxslər, aztəminatlı və xüsusi qayğıya ehtiyacı olan ailələr, böyük vətən müharibəsi iştirakçıları və digər şəxslərə bayram sovqatları verilib. Həmçinin, tədbirdə iştirak edə bilməyən şəxslərə sovqatlar evlərində təqdim olunub.
Ümumilikdə, 1026 ailəni əhatə edəcək bu tədbirlərin iyulun 31-də muxtar respublikanın digər rayonlarında da davam etdirilməsi nəzərdə tutulub.