Kəngərli rayonunda hərbi xidmətdən yeni tərxis olunan gənclərin məşğulluqlarının təmin edilməsi ilə bağlı tədbir keçirilib

Bu istiqamətdə növbəti tədbir, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə Kəngərli rayonunda baş tutub. Hərbi xidmətdən yeni tərxis olunmuş gənclərlə keçirilən görüşdə, onların vakant iş yerlərinə göndərilməsi, müvafiq peşə və ixtisaslara yiyələnməsi üçün peşə hazırlığı kurslarına cəlb olunması və özünüməşğulluqlarının həyata keçirilməsi ilə bağlı müzakirələr aparılıb, mövzu ətrafında gəncləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, tədbirin davamında gənclərin vakant iş yerlərinə, peşə hazırlığı kurslarına, haqqı ödənilən ictimai işlərə göndərilməsi məqsədilə qeydiyyatı aparılıb. Qarşıdakı günlərdə, bu görüşlərin muxtar respublikanın digər şəhər və rayonlarında da keçirilməsi nəzərdə tutulub.