"Naxçıvan Muxtar Respublikasında şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzi”nin elektron bazasının təqdimatı keçirilib

Sentyabrın 14-də Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 2 iyul tarixli Fərmanı ilə yaradılan "Naxçıvan Muxtar Respublikasında şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzi”nin elektron bazasının təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə açan nazir Nicat Babayev bildirib ki, şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən qayğının növbəti ifadəsi olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 2 iyul tarixli Fərmanı ilə "Naxçıvan Muxtar Respublikasında şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzi” yaradılmışdır. Fərmanın icrası ilə bağlı ötən müddət ərzində, ümumilikdə 124 şəhidin 246 ailə üzvünə müvafiq vəsiqələr verilmiş, şəhidlərin 284 ailə üzvünə Prezident təqaüdü, 43 uşaq üçün sosial müavinət, 3 nəfərə Vətən Müharibəsi Qəhrəmanı üçün Prezident təqaüdü təyin edilmişdir. Eyni zamanda, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun xətti ilə Naxçıvan Muxtar Respublikası üzrə Vətən Müharibəsində yaralananlar müalicəyə göndərilmiş, psixoloji dəstək xərcləri qarşılanmışdır. Müharibə iştirakçılarının reabilitasiyası məqsədilə, Bakı şəhərində ən yüksək texnologiya əsasında 3 nəfərin aşağı ətraf protezi hazırlanmışdır. Həmçinin, ötən müddət ərzində vətən müharibəsi iştirakçılarından 7 nəfər Naxçıvan Əlillərin Bərpa Mərkəzində müalicə almış, 8 nəfərə isə 14 ədəd reabilitasiya vasitəsi təqdim edilmişdir.
Nazir əlavə edib ki, elektron bazanın istifadəyə verilməsi, şəhid ailələri üzvlərinin, müharibə iştirakçılarının müraciətləri üzrə icra tədbirlərinin operativliyini və səmərəliliyini artıracaq, onlara tətbiq edilən güzəşt və imtiyazların mərkəzləşdirilmiş qaydada tətbiqini asanlaşdıracaqdır. N.Babayev şəhid ailələri və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə dərin minnətdarlığını bildirib.
Tədbirin davamında, Nazirliyin şöbə müdiri Şahin Seyidov, ötən müddət ərzində şəhid ailələri üzvləri və müharibə iştirakçıları tərəfindən edilən müraciətlər və onların icrası istiqamətində görülən işlər haqqında çıxış edib. Daha sonra Nazirlik əməkdaşı Vüqar Seyidov yeni yaradılan elektron baza haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Qeyd edilib ki, elektron baza I və II Qarabağ müharibələri şəhidlərinin, onların ailə üzvlərinin, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və digər bu kateqoriyalardan olan şəxslərin məlumatlarını və onlara tətbiq edilən güzəşt və imtiyazları, müxtəlif təminat tədbirlərini özündə əks etdirir. Bazada hər bölmə üzrə müxtəlif meyarlar əsasında axtarış aparmaq və lazım olan informasiyalar üçün siyahıları məhdudlaşdırmaq mümkündür. Elektron sistem Nazirliyin daxilindəki digər sistemlərə də inteqrasiya olunmuşdur ki, bu da bazada olan məlumatlardan daha səmərəli istifadə imkanları yaradır. Əlavə edək ki, sözügedən sistem vasitəsilə mərkəzə edilən müraciətlərin icra vəziyyətinə nəzarət etməklə yanaşı, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə elektron müraciət də etmək olar.
Qeyd edək ki, əlaqələndirmə mərkəzlərinin üzvləri də daxil olmaqla 20-dək məsul şəxsin iştirak etdiyi tədbirin davamında, yeni elektron sistemlə bağlı fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

110151
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
182
188
1184
4141
110151

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg