Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin altıncı sessiyasından irəli gələn vəzifələr müəyyənləşdirilib, ötən ilin yekunları müzakirə olunub

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 2021-ci il ərzində görülən işlər və qarşıda duran vəzifələrə dair kollegiya iclasında nazir Nicat Babayev çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikasında çoxşaxəli inkişafa, sosial-iqtisadi uğurlara əsaslanan əhalinin etibarlı sosial müdafiəsi il ərzində diqqət mərkəzində saxlanılmış, bu istiqamətdə yeni dövlət proqramlarının icrasına başlanılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 28 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası çərçivəsində ötən il 2972 nəfər iqtisadiyyatın müxtəlif sahələrində işlə təmin olunmuş, onlardan 622 nəfərini əmək yarmarkalarında işə göndərilənlər təşkil etmişdir. İl ərzində özünüməşğulluq proqramının icrasına xüsusi əhəmiyyət verilmiş, sosial qayğıya ehtiyacı olan ailələrin fərdi təsərrüfatlara sahib olmalarına, onların dövlət yardımından asılılıqlarının aradan qaldırılmasına yeni imkanlar yaradılmışdır. Ötən il 1566 nəfər ailə üzvü olan 330 ailə proqrama cəlb edilmişdir ki, bu da 2020-ci illə müqayisədə 39 ailə çox olmuşdur. Görülən bu işlərlə yanaşı, proqramın icrasında səmərəliliyin artırılması və kiçik sahibkarlığa dəstək məqsədilə, il ərzində keçirilən müxtəlif yarmarka və sərgi-satışlarda proqrama cəlb edilmiş ailələrin istehsal etdiyi 112 çeşiddə, 1200-dən çox adda məhsulun satışı təşkil olunmuşdur. Ötən dövr ərzində, proqramın əhatə dairəsinin əhəmiyyətli şəkildə genişlənməsi, muxtar respublikanın məşğulluq orqanlarına işaxtaran kimi müraciət edənlərin, həmçinin ünvanlı dövlət sosial yardımı alanların sayının azalması ilə nəticələnmişdir.
Nazir əlavə edib ki, əhalinin məşğulluğunun təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərə paralel olaraq, qeyri-formal məşğulluğa qarşı mübarizə də il ərzində diqqət mərkəzində saxlanılmışdır. Bu məqsədlə sahibkarlıq obyektlərində monitorinqlər davam etdirilmiş, 156 obyektdə 276 işçinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb edildiyi müəyyən edilmişdir. Eyni zamanda, istehsal və tikinti sahələrində işçilərin fərdi mühafizə vasitələri ilə təmin edilməsi və iş yerlərində əməyin mühafizəsi qaydalarına əməl olunması məqsədilə 83 obyektdə müvafiq yoxlamalar aparılmışdır.
Vurğulanıb ki, son illər muxtar respublikada xüsusi qayğıya ehtiyacı olan şəxslərə göstərilən xidmətlərin həcmi və keyfiyyəti artırılmışdır. O cümlədən, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilk gündən etibarən diqqət və qayğı ilə əhatə olunmuş, onların bütün sosial məsələlərinin həllinə xüsusi həssaslıqla yanaşılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində təkcə ötən il 28 şəhid və qazi ailələri mənzillərlə, 28 nəfər müvafiq kateqoriyadan olan şəxs isə minik avtomobilləri ilə təmin olunmuşdur. Şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən xidmətlərin təşkili, qanunvericilikdə nəzərdə tutulmuş imtiyazlar və müavinətlərin təyini qaydaları, digər zəruri işlərin icrasında operativlik təmin olunmuş, bu qəbildən olan müraciətlərə dəqiq və həssas münasibət göstərilmişdir. Vətən müharibəsi qazilərindən əyani müayinə əsasında 52 nəfərə əlillik təyinatı aparılmış, 62 ailə özünüməşğulluq proqramına cəlb edilmiş, məşğulluq sahəsində keçirilən digər tədbirlərdə bu kateqoriyadan olan şəxslərə üstünlük verilmişdir. Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, müharibə iştirakçıları və yaralananlar üçün yaradılmış Psixoloji Dəstək Xidmətində 40-dan çox şəxslə seanslar aparılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 2 iyul tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzləri”nin işi il ərzində diqqətdə saxlanılmışdır. Ötən müddət ərzində 124 şəhidin 246 ailə üzvünə müvafiq vəsiqələr verilmiş, şəhidlərin 283 ailə üzvünə Prezident təqaüdü, 42 uşaq üçün sosial müavinət, 3 nəfərə Vətən Müharibəsi Qəhrəmanı üçün Prezident təqaüdü təyin edilmişdir. Bununla yanaşı, bu sahədə göstərilən xidmətləri əhatə edən elektron baza hazırlanaraq istifadəyə verilmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 14 dekabr tarixli Fərmanı əsasında yaradılmış “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu”na könüllü ianələrin ödənişi il ərzində davam etdirilmişdir. Bugünədək fondun vəsaitləri hesabına, müvafiq kateqoriyadan olan 24 şəxsin muxtar respublika xaricində müalicə və müayinəsinə köməklik göstərilmiş, 17 nəfərin kredit borcları ödənilmiş, 35 ailənin isə məişət şəraiti yaxşılaşdırılmışdır.
Nicat Babayev çıxışının davamında bildirib ki, sağlamlıq imkanları məhdud şəxslərin tibbi reabilitasiyanın günün tələbləri səviyyəsində təşkili məqsədilə bərpa müəssisələrinin fəaliyyəti davam etdirilmiş, 20 adda müasir tibbi avadanlıqlar alınmış və müayinə otaqlarında bütün zəruri şərait yaradılmışdır. İl ərzində bərpa mərkəzlərində 545 nəfərin müalicələri təşkil edilmiş, 305 şəxsə protez və ortopedik xidmətlər göstərilmiş, 716 nəfər reabilitasiya vasitələri ilə təmin olunmuşdur.
Ötən il həmçinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 15 mart 2021-ci il tarixli Sərəncamı ilə “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” təsdiq edilmiş, il ərzində dövlət proqramının müvafiq bəndlərinin icrası təmin edilmişdir. Muxtar respublikada hərəkət qabiliyyəti məhdud uşaqlar üçün təşkil olunmuş distant tədris prosesinə yeni cəlb edilən şagirdlər zəruri dərs ləvazimatları və texniki avadanlıqlarla təmin olunmuşdur. Hazırda Distant Tədris Mərkəzində 15, Görmə Qabiliyyəti Məhdud Uşaqlar üçün Xüsusi İbtidai Məktəbdə 7 və Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində 8 nəfər eşitmə və danışma qabiliyyəti məhdud şəxslə distant dərslər davam etdirilir.
Ötən il ərzində sağlamlıq imkanları məhdud şəxslərə əlillik təyinatının aparılması sahəsində bir sıra yeniliklər edilmiş, bu istiqamətdə şəffaflığın artırılması üçün zəruri tədbirlər həyata keçililmişdir. Bu məqsədlə ilin əvvəlindən, Naxçıvan Muxtar Respublikasında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Alt Sisteminin tətbiqinə başlanılmış, bu sahədə vətəndaş-ekspert təması minumuma endirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə 2016-cı ildə əlillik müddəti 5 il artırılan şəxslərin əlilliyinin yenidən qiymətləndirilməsində şəffaflıq və obyektivlik təmin edilmiş və sağlamlıq imkanları məhdud şəxslərin sayında azalma müşahidə olunmuşdur.
İclasda görülmüş işlərlə yanaşı, yol verilmiş nöqsan və çatışmazlıqlar müzakirə edilib. Məruzə ətrafında çıxışlar olub. Kollegiya iclası qərar layihəsinin oxunuşu ilə başa çatdırılıb.

716872
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
648
784
4052
22991
716872

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg