Əlillərin Bərpa Mərkəzinə və Uşaq Bərpa Mərkəzinə yeni tibbi avadanlıqlar alınmışdır

Bu münasibətlə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində xüsusi qayğıya ehtiyacı olan vətəndaşların, o cümlədən sağlamlıq imkanları məhdud şəxslərin sosial müdafiəsinin təmin edilməsi məqsədilə son illərdə muxtar respublikada kompleks tədbirlər həyata keçirilmiş, bu sahədə maddi-texniki baza möhkəmləndirilmiş və bu kateqoriyadan olan şəxslərə göstərilən xidmətlərin həcmi və keyfiyyəti artırılmışdır. Əlilliyi olan şəxslərin tibbi və sosial reabilitasiyası daim diqqətdə saxlanılmış, onlar müvafiq texniki-bərpa vasitələri və protez-ortopedik məmulatlarla təmin edilmişdir. Bu sahədə işlərin günün tələbləri səviyyəsində təşkili məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin iştirakı ilə Naxçıvan şəhərində Əlillərin Bərpa Mərkəzi və Uşaq Bərpa Mərkəzi istifadəyə verilmiş və hər iki mərkəz bütün zəruri tibbi avadanlıqlarla təchiz olunmuşdur.
Vurğulanıb ki, ötən müddət ərzində, bərpa müəssisələrinin uğurlu fəaliyyəti nəticəsində, son illərdə muxtar respublikadan kənarda reabilitasiya keçmək istəyən şəxslərin sayında azalma müşahidə olunmuşdur. Ötən il bərpa mərkəzlərində ümumilikdə 500-dən artıq şəxsin müalicə kursu qəbul etməsi təmin olunmuşdur ki, onların da 12 nəfəri ikinci Qarabağ müharibəsi iştirakçıları olmuşdur.
Nazir çıxışının davamında qeyd edib ki, son illərdə bu müəssisələrdə həyata keçirilən müayinə və müalicə işinin həcminin artması və tibb sahəsindəki müasir yeniliklərin tətbiqi, həmçinin Tibbi-Sosial Ekspert Komissiyasında müayinə zamanı əlillik üçün müraciət edən şəxslərə qoyulmuş diaqnozların dəqiqləşdirilməsi məqsədilə mərkəzlərdə istismar müddəti bitmiş avadanlıqların yenisi ilə əvəz olunması, həmçinin xəstəliklərin müalicəsində effektiv olan yeni tibbi avadanlıqların alınması zərurəti yaranmışdır. Bu məqsədlə, mərkəzlərinin fəaliyyət istiqamətlərinə uyğun olan və müvafiq xəstəliklərin müalicəsində effektiv ola biləcək tibbi avadanlıqların siyahısı müəyyən edilmiş və onların alınması üçün zəruri tədbirlər həyata keçirilmişdir.
N.Babayev sağlamlıq imkanları məhdud şəxslərə göstərilən göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə dərin minnətdarlığını bildirib.
Daha sonra, bərpa mərkəzlərinin kollektivi adından Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin direktoru Yasin Əliyev çıxış edərək, yaradılan şəraitə görə minnətdarlığını bildirib.
Tədbirin davamında, yeni alınmış avadanlıqlara baxış keçirilib, onların funksiya və göstəriciləri haqqında məlumatlar dinlənilib.
Qeyd edək ki, yeni alınmış cihazlardan Elektroensefaloqrafiya cihazı epilepsiya xəstəliyinin diaqnostikasında tətbiq olunur. Universal trenajor aparatı isə boyun bölgəsi və gövdə və sərbəst hissə əzələlərinin xəstəliklərinə bağlı yaranan zəifliyin və kontrakturların aradan qaldırılması baxımından müalicəvi əhəmiyyətə malikdir. Velotrenajor avadanlığı 1-ci dərəcəli osteoartrozlar, aşıq-daban oynağı xəstəlikləri, ayaq əzələlərinin parezi, həmçinin profilaktik məqsədlə əzələləri gücləndirmək üçün tətbiq edilir. Elektrostimulyasiya cihazının xüsusi elektrodları dəri səthi ilə təmasda olaraq, elektrostimulyasiya prosesini icra edir ki, nəticədə əzələ və sinir xəstəliklərində oyanmanı, spastik vəziyyətin aradan qaldırılmasını həyata keçirir. Ultrasəs terapiya cihazının fəaliyyəti ultrasəs dalğaları vasitəsilə oynaq xəstəlikləri, revmatik xəstəliklər, lokal əzələ və periferik sinir sistemin xəstəlikləri zamanı əmələ gələn kontraktura və iltihabi proseslərin aradan qaldırlması prinsipinə əsaslanır. Maqnitoterapiya aparatı oynaq, əzələ, bağ, vətər xəstəlikləri və periferik sinir sisteminin xəstəlikləri zamanı travmatik, iltihabi, postoperativ və revmatik ağrıların aradan qaldırılmasını təmin edir. İnfraqırmızı şüa cihazı iltihab əleyhinə, ağrıkəsici, funksional yaxşılaşdırıcı təsiri ilə əzələ, oynaq və sinir xətəliklərində istifadə olunur. Mikrodalğa aparatı dərin toxumalarda istilik enerjisinin təsirindən kontraktura azalır, iltihab əleyhinə, dəri çapıqlarının sağaldılmasında və əlavə olaraq ağrıkəsici təsir göstərir. ENMQ cihazı mərkəzi və periferik sinir sistemi xəstəliklərində, həmçinin əzələ xəstəliklərində diaqnostik əhəmiyyətə malikdir, hisiyat və əzələ gücünün müəyyən edilməsini təmin edir. Ultrasəslə müayinə aparatı USM-qarın boşluğu və çanaq boşluğu orqanlarının,o cümlədən süd vəzi, qalxanabənzər vəzinin, daş xəstəlikləri, İltihab və şiş xəstəliklərinin diaqnostikasında istifadə olunur. Amplipuls cihazı aşağı frekanslı elektrik axınları vasitəsi ilə keçiriciliyin bərpa olunması mexanizmi ilə oynaq və bağ aparatı xəstəliklərində toxumalarda regenerasiya prosesləri, ağrıkəsici təsir və toxumların qidalanmasını təmin edir. Lazerterapiya cihazı yerli istilik effekti olmadan toxumalarda qidalanmanı yaxşılaşdırmaqla dayaq-hərəkət sistemi xəstəliklərində, boyun- bel yırtıqları zamanı ağrıkəsici təsirə malikdir. Vakum terapiya aparatı isə mənfi təzyiq yaradaraq toxumalarda yerli qan dövranını artırmaqla toxumada qidalanmanı və ağrıkəsici təsiri təmin edir. Ayaqaltı koordinasiya aləti yeriş funksiyası pozulmuş xəstələrdə müvazinətin yenidən bərpa olunmasını, yeriş funksiyasının yaxşılaşdırlmasını, ayaqaltı hissiyyatın bərpa olunmasında mühüm müalicəvi əhəmiyyət malikdir. Qısa dalğa diatermiya toxumalarda elektrik axını ilə istilik enerjisi yaradaraq oynaq, əzələ, yumşaq toxuma xəstəliklərində ağrı və spazmların aradan qaldırılmasında tətbiq olunur. Traksion aparatı onurğa yırtıqlarında dartıcı effektlə ağrıların aradan qaldırılması və ilkin mərhələli yırtıqların müalicəsində istifadə olunur. Spirometriya cihazı tənəffüs sistemi xəstəliklərinin diaqnostikasında , digər xəstəliklərlə differensiyasında istifadə olunan cihazdır. Hemoqlabin A1C analizatoru cihazı isə şəkər xəstəliyi zamanı müalicənin effektliyinin müəyyən edilməsini, həmçinin keçmiş 3 aya aid qan şəkəri profili haqqında məlumatı təmin edə bilir. Qulukometr cihazı qanda şəkər dəyərlərinin günlük kontroluna nəzarət edilməsi funksiyaslna malikdir. Kiçik motorikanı inkişaf elətdirən alətlər dəsti isə kiçik əzələ qruplarında açılma və bükülmə hərəkətlərinin, bacarıq və biliklərin yenidən qazanılmasını təmin edir. Bütün bu avadanlıqlar tibb sahəsi üzrə ən yüksək standartlara cavab verir və funksionallıq baxımından bütün müasiri texniki parametrlərə uyğundur.

737267
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
311
905
3683
16041
737267

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg