Nazirlik Yanında Xidmətlər və Agentliklər
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Təminat Xidməti aztəminatlı ailələrin, ahıl vətəndaşların, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiə tədbirlərini həyata keçirən icra hakimiyyəti orqanıdır.
Xidmətin tərkibində əhalinin sosial müdafiə mərkəzləri və ahıllara stasionar sosial-məişət xidməti göstərən Ahıllar Evi fəaliyyət göstərir.
Dövlət Əmək Müfəttişliyi Xidməti
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyi Xidməti mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən hüquqi şəxslər, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri, fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ-hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi tədbirlərini həyata keçirir. Agentlik Azərbaycan Respublikasında qanunvericiliklə müəyyən olunmuş qaydada işaxtaran və işsiz şəxslərin münasib işlə təmin edilməsi, haqqı ödənilən ictimai işlərə cəlb olunması, sosial qayğıya ehtiyacı olan şəxslərin özünüməşğulluqlarının təmin olunması, peşə hazırlığı və əlavə təhsili məqsədi ilə müvafiq tədbirləri həyata keçirir, müəssisə və təşkilatlarda kvotaya müvafiq olaraq müəyyən edilmiş iş yerləri hesabına sosial müdafiəyə daha çox ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların işlə təmin edilməsi məqsədi ilə müvafiq tədbirlərin həyata keçirilməsini təmin edir.
Agentlik işəgötürənlərdən boş (vakant) iş yerləri haqqında məlumat toplayır və bu məlumatdan istifadə edərək işaxtaran və işsiz şəxslərin sosial müdafiəsini gücləndirmək məqsədi ilə aktiv məşğulluq tədbirləri (əmək yarmarkaları, əmək birjaları və s.) həyata keçirir, qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir. Agentliyin tabeliyində şəhər, rayon, məşğulluq mərkəzləri, Agentliyin nəzdində yaradılmış müəssisələr fəaliyyət göstərir. Həmçinin işaxtaran və işsiz şəxslərin peşə hazırlığı, yenidən hazırlığı və əlavə təhsilinin təşkil olunması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Naxçıvan Regional Peşə Tədris Mərkəzi fəaliyyət göstərir.
Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tibbi-sosial ekspertiza əsasında əlilliyin və 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi, əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud olan uşaqların sosial müdafiə tədbirlərinə ehtiyaclarını müəyyən edən, onların reabilitasiyasını həyata keçirən icra hakimiyyəti orqanıdır.
Agentliyin tərkibində sağlamlıq imkanları məhdud şəxslərin tibbi reabilitasiyasını həyata keçirən Naxçıvan Əlillərin Bərpa Mərkəzi, sağlamlıq imkanları məhdud uşaqlar üçün Uşaq Bərpa Mərkəzi, əhaliyə tibbi-sosial ekspertiza xidməti göstərən Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyası və protez-ortopedik xidməti göstərən Protez-Ortapedik Bərpa Mərkəzi fəaliyyət göstərir.