Birdəfəlik sığorta ödənişi - Müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara əlillik dərəcəsinə uyğun 8 800 manat, 6 600 manat və 4 400 manat sığorta ödənişi həyata keçirilir (“Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti” publik hüquqi şəxsi tərəfindən);
Prosedur: Əlilliyi müəyyən olunmuş şəxs əlillik dərəcəsi barədə Tibbi Sosial Ekspert Komissiyasının arayışını (dərəcə və səbəb göstərilməklə) (“Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti” publik hüquqi şəxsinə təqdim etdikdən 7 iş günü ərzində şəxsin bank hesabına ödəniş aparılır.
Azərbaycan Respublikası Prezidentinin təqaüdü (aylıq) - Müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü (əlillik dərəcəsinə uyğun 400 manat, 350 manat və 300 manat məbləğində, əlavə olaraq, I dərəcə əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edənlərə 50 manat məbləğində) ödənilir (Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən);
Əlilliyə görə pensiya (aylıq) – I dərəcə əlilliyi müəyyən edilmiş şəxslərə hər bir halda, II və III dərəcə əlilliyi müəyyən edilmiş şəxslərə isə sığorta stajına əsasən hüquqları yarandıqda əlilliyə görə pensiya ödənilir (Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən);
Əlilliyə görə müavinət (aylıq) – əlilliyi müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda II dərəcə əlilliyi olan şəxsə 130, III dərəcə əlilliyi olan şəxsə 110 manat məbləğində müavinət ödənilir (Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən);
Mənzil təminatı – Yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış müharibə əlillərinin mənzil və ya fərdi evlə təmin edilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən aparılır;
Prosedur: Bu kateqoriyadan olan şəxslər tərəfindən aidiyyəti üzrə müraciət edilir, növbəlilik siyahıları hazırlanır. Bu siyahılara uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onlar növbəlilik əsasında mənzil və ya fərdi evlə təmin edilirlər.
Avtomobillə təminat – müharibə əlilləri növbəliliik qaydasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən nəqliyyat vasitəsi ilə təmin olunurlar.
Prosedur: Bu şəxslər qeydiyyatda olduğu rayon (şəhər) üzrə səhiyyə müəssisəsinə müraciət edirlər. Əgər şəxsin tibbi göstərişləri avtomobil təyini üçün əsas verirsə səhiyyə müəssisəsi göndərişi elektron sistemə yerləşdirir.
Sanatoriya-kurort müalicəsi – Müharibə ilə əlaqədar əlillik təyin edilmiş şəxslər tibb müəssisələrinin göndərişi ilə ölkə daxilində pulsuz sanatoriya-kurort müalicəsi ilə təmin edilirlər (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən);
Prosedur: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilməklə
Reabilitasiya vasitələri ilə təminat– Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlil arabası da daxil olmaqla reabilitasiya vasitələri, protez-ortopedik vasitələr, protezlərlə təmin olunurlar;
Prosedur: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilməklə
Reabilitasiya xidmətləri – bərpa mərkəzlərində mütəmadi reabilitasiya kursları keçirlər (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin reabilitasiya müəssisələrində);
Prosedur: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilməklə
Psixoloji dəstək - Müharibə əlillərinə post müharibə dövründə ilkin diaqnostika aparıldıqdan sonra fərdi və qrup konsultasiyaları, ailə terapiyaları kimi psixoloji metodlardan istifadə olunmaqla psixoloji dəstək göstərilir (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən);
Prosedur: Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin müraciəti əsasında
Təhsil – Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi olan şəxslərin uşaqları, habelə I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslərin özləri təhsil haqqını ödəməkdən azad olunurlar (Təhsil Nazirliyi tərəfindən).
Özünüməşğulluğun təşkili: Müharibə əlillərinin özünüməşğulluq proqramına ən qısa zamanda növbədənkənar cəlb edilməsi təmin olunur və proqram çərçivəsində kiçik ailə təsərrüfat və müəsissələrini yaratmaları üçün onlara mal və materiallar formasında aktivlər təqdim edilir;
Prosedur: Bu dəstəyi almaq üçün şəxs işsizlik meyarlarına (aktiv əmək müqaviləsi, VÖEN-i, torpaq pay mülkiyyətçisi, əyani tələbə olmamalıdır) uyğun gəlməlidir. Şəxs məşğulluq mərkəzlərinə və ya Dövlət Məşğulluq Agentliyinə müracət etməlidir.
Haqqı ödənilən ictimai işlər: Müharibə əlillərinin haqqı ödənilən ictimai işlərə ən qısa zamanda növbədənkənar cəlb edilməsi təmin olunur;
Prosedur: Bu dəstəyi almaq üçün şəxs işsizlik meyarlarına (aktiv əmək müqaviləsi, VÖEN-i, əyani tələbə olmamalıdır) uyğun gəlməlidir. Şəxs məşğulluq mərkəzlərinə və ya Dövlət Məşğulluq Agentliyinə müraciət etməlidir.
Əlavə - Müharibə əlilləri üçün vergi, əmək qanunvericiliyində və s. üçün bir sıra güzəştlər də nəzərdə tutulub.