Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2023-cü il payız sessiyasının altıncı iclası keçirilib

Dekabrın 18-də Ali Məclis sədrinin müavini Anar İbrahimovun sədrliyi ilə altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2023-cü il payız sessiyasının altıncı iclası keçirilib.

 İclasın gündəliyinə aşağıdakı məsələlər verilib:

1. “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi

haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Naxçıvan Muxtar Respublikası Qanununun layihəsi

2. “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun layihəsi (birinci oxunuş)

3. “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun layihəsi (ikinci oxunuş)

Gündəlikdə duran birinci məsələ ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov bildirib ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti 12 dekabr 2023-cü il tarixdə “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanun layihəsini Ali Məclisə təqdim edib. Layihədə işsizlikdən sığorta fondunun 2023-cü il büdcəsinin xərclər istiqamətində özünüməşğulluq tədbirlərinin təşkili üzrə nəzərdə tutulmuş vəsaitdə qənaət olunmuş 80 min manatın yaranmış ehtiyaca uyğun olaraq işsizliyə görə sığorta ödənişləri üzrə vəsaitə əlavə edilməsi təklif olunmaqdadır. Layihənin qəbul edilməsi ilə işsizlikdən sığorta fondunun 2023-cü il büdcəsində işsizliyə görə sığorta ödənişləri üzrə vəsait 90 min manatdan 170 min manata artırılacaq, özünüməşğulluq tədbirlərinin təşkili üzrə vəsait isə 1 milyon 480 min manatdan 1 milyon 400 min manata azaldılacaqdır.

Qanun layihəsi barədə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov məlumat verərək bildirib ki, işsizlikdən sığorta fondunun 2023-cü il büdcəsində işsizlikdən sığorta ödənişləri üzrə 90 min manat vəsait nəzərdə tutulub. Cari ildən başlanılaraq muxtar respublikada ilk dəfə olaraq işsizlikdən sığorta müavinətinin ödənilməsi və proqnoz zamanı nəzərə alınmamış bəzi müəssisə və təşkilatların ləğvi ilə bağlı ixtisar olunmuş və hüquqi statusa malik olan işçilərin sayının artması ilə əlaqədar olaraq cari ildə ödənişlərin həyata keçirilməsi üçün əlavə 80 min manat vəsaitə ehtiyac yaranıb. İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsində özünüməşğulluq tədbirlərinin təşkili üzrə 1 milyon 480 min manat vəsait nəzərdə tutulub. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın icrasına uyğun olaraq özünüməşğulluq proqramı çərçivəsində min nəfər müvafiq kateqoriyadan olan işsiz şəxsin proqrama cəlb olunaraq aktivlərlə təmin olunması nəzərdə tutulub ki, həmin aktivlərin maliyyələşməsi Azərbaycan Respublikasının İşsizlikdən Sığorta Fondunun vəsaitləri hesabına həyata keçiriləcəkdir. Bununla əlaqədar olaraq, Naxçıvan Muxtar Respublikasının İşsizlikdən Sığorta Fondunun 2023-cü il büdcəsində özünüməşğulluq tədbirlərinin təşkili üzrə nəzərdə tutulmuş vəsaitdə qənaət mövcud olub. Qeyd olunanlarla əlaqədar işsizlikdən sığorta ödənişləri üzrə yaranmış kəsir vəsaitin ödənilməsi üçün özünüməşğulluq tədbirlərinin təşkili üzrə qənaət olunmuş vəsaitdən 80 min manat azaldılaraq işsizlikdən sığorta ödənişləri üzrə nəzərdə tutulmuş vəsaitin üzərinə əlavə olunmasına ehtiyac vardır.

Anar İbrahimov gələcəkdə büdcənin proqnoz göstəricilərinə daha diqqətlə yanaşılmasının önəmini vurğulayıb.

İclasda Sosial siyasət komitəsinin sədri Yeganə Məmmədova qanun layihəsi barədə təmsil etdiyi komitənin rəyini diqqətə çatdırıb.

Anar İbrahimov qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsinin 19.4.5-ci maddəsinə əsasən qanun layihəsinə birinci oxunuşda baxılması nəticəsində Ali Məclis qanunun qəbul edilməsi ilə bağlı qərar qəbul edir.

Qanun səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Gündəlikdə duran ikinci məsələ - “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı qeyd olunub ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti 2023-cü il 12 dekabr tarixli məktubla “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Qanun layihəsini Ali Məclisə təqdim edib. Qanun layihəsi deputatlara təqdim olunub. Bundan başqa “İşsizlikdən sığorta fondunun 2024-cü il büdcəsi haqqında” Qanun layihəsi Ali Məclisin Sosial siyasət komitəsində muxtar respublikanın aidiyyəti dövlət orqanlarının nümayəndələrinin və digər rəsmi şəxslərin iştirakı ilə 14 dekabr 2023-cü il tarixdə müzakirə olunub. Aparılmış müzakirələrdən sonra qanun layihəsinin altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbəti iclasına təqdim olunması qərara alınıb.

Naxçıvan Muxtar Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov İşsizlikdən sığorta fondunun 2024-cü il üzrə gəlir və xərcləri barədə bildirib ki, büdcədən maliyyələşən təşkilatlar üzrə 1 milyon 380 min manat, büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə 1 milyon 380 min manat, qeyri-büdcə sektoru üzrə 850 min manat, sair gəlir üzrə 2 min manat və 2023-cü ilin sonuna işsizlikdən sığorta fondunun istifadə olunmamış vəsaiti üzrə 2 milyon 506 min 319 manat olmaqla, ümumilikdə, İşsizlikdən sığorta fondunun 2024-cü il üzrə gəlirləri 6 milyon 118 min 319 manat məbləğində proqnozlaşdırılır. İşsizlikdən sığorta fondunun 2024-cü il üzrə xərcləri barədə qeyd olunub ki, işsizliyə görə sığorta ödənişləri üzrə 2024-cü ildə 300 min manat vəsait xərclənməsi nəzərdə tutulur. Peşə hazırlığı və əlavə təhsilin təşkili üzrə növbəti ildə 727 min manat vəsait xərclənməsi nəzərdə tutulur ki, Peşə Hazırlığı Mərkəzinin saxlanma xərcləri, habelə adambaşına maliyyələşmə qaydaları ilə peşə hazırlığının təşkili artımla nəticələnir. Əmək yarmarkalarının təşkili və peşəyönümünə dair məsləhət xidmətlərinin göstərilməsi üzrə növbəti ildə 100 min manat vəsait xərclənməsi nəzərdə tutulur ki, 2024-cü ildə əmək yarmarkalarının sayının artması və əhatəsinin genişləndirilməsi, onların daha effektiv nəticələrinin əldə edilməsi üçün geniş tədbirlər planının formalaşması artıma səbəb olur.

Ceyhun Cəlilov bildirib ki, haqqı ödənilən ictimai işlərin təşkili üzrə növbəti ildə 400 min manat vəsait xərclənməsi nəzərdə tutulur ki, azalmanın əsas səbəbi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikası üçün zəruri olan haqqı ödənilən ictimai işlər üzrə 1000 kvota yerin ayrılmasıdır. Özünüməşğulluq tədbirlərinin təşkili üzrə növbəti ildə 683 min manat vəsait xərclənməsi nəzərdə tutulur ki, azalmanın əsas səbəbi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Naxçıvan Muxtar Respublikası üçün 1000 aktivin verilməsidir. Sosial iş yerlərində işçilərin əməkhaqqının bir hissəsinin maliyyələşdirilməsi üzrə növbəti ildə 150 min manat vəsait xərclənməsinin nəzərdə tutulduğunu bildirən nazir bu istiqamət üzrə fəaliyyətin muxtar respublikada yenilik təşkil etdiyini deyib. Qeyd olunub ki, cari ildə bu istiqamətdə işlər fundamental məsələlərin həllinə kökləndiyindən praktiki işlərin icrası növbəti ildə icra ediləcək. Növbəti ildə proqnoz cari illə eyni saxlanılır. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi aparatının və onun yerli orqanlarının, habelə tabeliyindəki digər qurumların saxlanılması xərcləri üzrə 2024-cü ildə 3 milyon 758 min 319 manat vəsait xərclənməsi nəzərdə tutulur ki, artımın əsas səbəbi cari ilin avqustun 1-dən əməkhaqqının artması, habelə maddi texniki bazanın möhkəmləndirilməsi və Naxçıvanda DOST İş Mərkəzinin yaradılmasıdır.

Ali Məclisin Sosial siyasət komitəsinin sədri Yeganə Məmmədova qanun layihəsi barədə təmsil etdiyi komitənin rəyini diqqətə çatdırıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsinin 19.4.1-ci maddəsinə əsasən qanun layihəsinə birinci oxunuşda baxılması nəticəsində Ali Məclisin protokol qaydasında qəbul edilən qərarı ilə layihə birinci oxunuşda qəbul edilir, söylənilmiş təkliflər və iradlar nəzərə alınmaqla onun üzərində iş davam etdirilir. 

Qanun layihəsi səsə qoyularaq söylənilmiş təkliflər və iradlar nəzərə alınmaqla birinci oxunuşda protokol qaydasında qəbul edilib.

Daha sonra Ali Məclis sədrinin müavini gündəlikdə duran üçüncü məsələ ilə bağlı bildirib ki, “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi 8 dekabr 2023-cü il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsinin 18-ci və 19-cu maddələrinə uyğun olaraq birinci oxunuşda müzakirə edilib, söylənilmiş təkliflər və iradlar nəzərə alınaraq onun üzərində iş davam etdirilməklə Ali Məclisin protokol qaydasında qərarı ilə birinci oxunuşda qəbul olunub. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti verilmiş təkliflərə Ali Məclisin müvafiq komitəsi ilə birlikdə baxaraq 12 dekabr 2023-cü il tarixdə “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” Qanun layihəsinin yenilənmiş variantını Ali Məclisə təqdim edib. Bundan sonra layihə İqtisadi siyasət komitəsində müzakirə edilərək ikinci oxunuş üçün Ali Məclisin iclasına təqdim olunması qərara alınıb.

Qanun layihəsinin ikinci oxunuşda müzakirəsi ilə əlaqədar İqtisadi siyasət komitəsinin sədri İsa İsayev çıxış edərək Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İqtisadi siyasət komitəsinin 13 dekabr tarixində keçirilən növbəti iclası haqqında məlumat verib. Diqqətə çatdırılıb ki, iclasda Naxçıvan Muxtar Respublikası maliyyə nazirinin müavini tərəfindən “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” Qanun layihəsində büdcə gəlirlərinin mədaxil mənbələri üzrə səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividentlərin, büdcə xərclərinin istiqamətləri üzrə isə seçkilərin keçirilməsi və məhkəmə qərarlarının icrası üzrə xərclərin göstərilməsi Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsinin dürüstləşdirilməsi zamanı nəzərə alınacağı bildirilib.

Anar İbrahimov vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsinin 20.3-cü maddəsinə əsasən ikinci oxunuşda müzakirə edilən qanun layihəsinin əsas kimi qəbul edilməsi barədə protokol qaydasında qərar qəbul edilməlidir. Bu cür qərar qəbul edilməzsə, qanun layihəsi qəbul edilməmiş sayılır.

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda əsas kimi qəbul edilib.

Sonra qanunun maddə-maddə müzakirəsinə başlanılıb. Naxçıvan Muxtar Respublikasının maliyyə nazirinin müavini Həsən İsmayılov “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsini gəlir və xərc istiqamətləri üzrə maddələrlə diqqətə çatdırıb.

Deputat Aidə Cəlilzadə “Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsinin 4-cü maddəsinin funksional təsnifatı üzrə 4.3.5-ci köməkçi bölməsində ali təhsil müəssisələri və dövlət təşkilatlarının əvvəlcədən planlaşdırılmamış və birgə keçirilən tədbirləri üçün əlavə vəsaitin nəzərdə tutulub-tutulmadığı ilə bağlı sual ünvanlayıb.

Həsən İsmayılov bildirib ki, bu bölmədə ali təhsil müəssisələri üzrə xərclər əhatə olunmayıb. Ümumilikdə, Azərbaycan Respublikasında təhsil müəssisələrinin saxlanması həm ödənişli, eyni zamanda dövlət sifarişi əsasında ödənilən təhsil haqları hesabına formalaşdırılır. Qeyd olunub ki, Naxçıvan Dövlət Universitetinin və muxtar respublikadakı digər ali təhsil müəssisələrinin hesablarında kifayət qədər vəsait var ki, həmin vəsaitlər hesabına tədbirlərin maliyyələşdirilməsi mümkündür. 4.3.5-ci köməkçi bölmədə Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin yanında Maliyyə Tədris Mərkəzi, Təhsil Nazirliyinin məktəbdənkənar təhsil müəssisələri, mərkəzləşdirilmiş mühasibatlıqları, metodkabinələri, təhsilin dövlət proqramları, dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının açılması, Mədəniyyət Nazirliyinin musiqi məktəblərinin xərcləri əhatə olunub. 

İclasda vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsinin 20.4-cü və 20.5-ci maddələrinə əsasən müzakirələrdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edilir. Qəbul edilmiş qanun layihəsi müzakirə zamanı müəyyənləşdirilmiş daxili ziddiyyətlərin aradan qaldırılması və redaktə edilməsi üçün aparıcı komitəyə qaytarılır ki, bunlar nəzərə alınaraq üçüncü oxunuşa verilə bilər. 

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

Bununla da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclası öz işini başa çatdırdı.

747908
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
495
874
8298
26682
747908

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg