Ordubad rayonunun Dırnıs kəndi abadlaşan kəndlər sırasına qoşulub

Ümummilli liderimiz Heydər Əliyev demişdir: “Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım yerinə yetirilsin”. Muxtar respublikada ulu öndər Heydər Əliyevin arzuları, planları artıq reallığa çevrilmiş, Naxçıvan onun yolu ilə gedərək tərəqqiyə qovuşmuşdur.
Muxtar respublikanın digər bölgələri kimi Ordubad rayonu da öz simasını dəyişir, yeni görkəm alır, kəndlərin inkişafı, abadlaşdırılması diqqətdə saxlanılır. Rayonun hərtərəfli dövlət qayğısı ilə əhatə olunan və böyük turizm potensialı olan yaşayış məntəqələrindən biri də Dırnısdır. Kənddə geniş tikinti-quruculuq işləri aparılmış, əhali rahatlığına xidmət edən sosial obyektlər tikilmişdir.
Dırnıs kənd məktəbində müasir
tədris imkanları mövcuddur
Dekabrın 3-də Dırnıs kənd tam orta məktəbinin yeni binası istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov məktəbdə yaradılan şəraitlə tanış olub.
Məlumat verilib ki, 3 mərtəbədən ibarət olan 216 şagird yerlik məktəbdə 17 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, 2 elektron lövhəli sinif, şahmat sinfi, kompüter, psixoloq və müəllimlər otaqları, hərbi kabinə, STEAM kabinəsi, kitabxana, qarderob və idman zalı yerləşir. Kitabxana fondunda 4550 kitab vardır.
Ali Məclisin Sədri bölgələrin tarixi ilə bağlı nəşr olunmuş kitabların kitabxanalara verilməsi barədə tapşırıq verib.
STEAM kabinəsində 1 elektron lövhə, 2 kompüter, 3D printer quraşdırılıb. Kabinə mikrobit, arduino setləri və digər öyrədici STEAM qurğuları, həmçinin yeni nəşr olunan ədəbiyyat və dərsliklərlə təchiz edilib. Şagirdlər hazırladıqları “3D printerdə hazırlanmış kəşfiyyatçı tank”, “Yanğın əleyhinə xəbərdaredici qurğu” və “Xətt izləyən robot” layihələrini təqdim ediblər.
Müəllim Etibar Süleymanov yaradılan şəraitə görə minnətdarlıq edib.
Məktəbdə internetə çıxışı olan 20 kompüter və 4 elektron lövhə quraşdırılıb. Ali Məclisin Sədri elektron lövhəli sinifdə “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi ilə 200-dən artıq təhsil müəssisəsi arasında “Naxçıvan qalaları” mövzusunda keçirilən interaktiv dərsi izləyib.
Məktəbin kimya, biologiya və fizika laboratoriyaları müasir avadanlıqlarla təmin olunub. Əyani vasitələrlə təminat dərslərin təcrübə yolu ilə keçirilməsinə imkan yaradır. Bu da dərsləri daha yaxşı qavramaqda kömək edir, biliyin təcrübə əsasında möhkəmləndirilməsinə şərait yaradır.
Gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi, onların hərbi biliklərə yiyələnməsi sonrakı dövrdə peşəkar hərbçi kimi yetişmələrinə və formalaşmalarına xidmət edir. İstifadəyə verilən hərbi kabinə bu mənada mühüm əhəmiyyət daşıyır. Bildirilib ki, hazırda məktəbin 1 məzunu Azərbaycan Ali Hərbi Məktəbinin 3-cü kursunda təhsilini davam etdirir. 5 məzun isə zabit kimi Azərbaycan Silahlı Qüvvələrində xidmət edir. Onlar Vətən müharibəsi iştirakçılarıdır. Məktəbin bir məzunu, kapitan Vüqar Nəcəfov İkinci Qarabağ müharibəsində şücaət göstərərək şəhidlik zirvəsinə ucalıb. Məktəbin hərbi müəllimi isə Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun təşkil etdiyi zabit hazırlığı kursunu bitirərək leytenant rütbəsi alıb.
Ali Məclisin Sədri Vətən müharibəsi iştirtakçıları ilə şagirdlər arasında görüşlərin keçirilməsi barədə tapşırıq verib.
Məktəbin bütün lazımi əyani vasitələrlə təchiz olunan şahmat sinfi, geniş idman zalı və məktəbin həyətində qurulan açıq idman qurğuları şagirdlərin fiziki sağlamlığına və əqli inkişafına xidmət edəcəkdir. İdman zalında bədən tərbiyəsi və fiziki tərbiyə fənlərinin tədrisi, eləcə də şagirdlər arasında bir sıra idman növləri üzrə yarışların keçirilməsi üçün müasir şərait mövcuddur. İdman zalına baxış zamanı bildirilmişdir ki, məktəbdə basketbol və tennis idman klubları yaradılıb.
Şahmat sinfinə baxış zamanı Ali Məclisin Sədri onlayn şahmat yarışlarına üstünlük verilməsi barədə tapşırıq verib, Naxçıvanda şahmatın tədrisinin nümunə kimi təqdim olunduğunu bildirib.
Sonra məktəbin pedaqoji kollektivi ilə görüş olub.
Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək deyib ki, Naxçıvan Muxtar Respublikasının bütün şəhər, qəsəbə və kəndlərində genişmiqyaslı quruculuq işləri aparılır. Kompleks quruculuq tədbirləri zamanı yeni məktəb binalarının inşasına xüsusi diqqət yetirilir, təhsilin inkişafı, innovativ tədris metodlarının tətbiqi sahəsində ardıcıl tədbirlər həyata keçirilir, təhsil müəssisələrinin maddi-tədris bazası möhkəmləndirilir. Bu ilin ötən dövründə 7 ümumtəhsil müəssisəsi yenidən qurularaq istifadəyə verilib. Təhsil infrastrukturunun yaxşılaşdırılması nəticəsində müasir laboratoriyalar, fənn kabinələri, idman zalları, açıq idman qurğuları müəllim və şagirdlərin istifadəsinə verilib. Ümumtəhsil məktəblərində yaradılan müasir tədris şəraiti təhsildə innovasiyaların tətbiqinə geniş imkanlar açmışdır. Bu günə qədər 53 təhsil müəssisəsində STEAM kabinələri yaradılmış, 50 təhsil müəssisəsində isə kabinələrin yaradılması istiqamətində işlər davam etdirilir. Dırnıs kənd tam orta məktəbinin də maddi-tədris bazası yaxşılaşdırılıb, müasir tədris şəraiti yaradılıb. Son 5 ildə məktəbin 42 məzunundan 30-u, yaxud 71 faizi ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olub, onlardan 5-i 500-700 arası bal toplayıb. Rəhman Məmmədov göstərilən hərtərəfli diqqət və qayğıya görə muxtar respublikanın təhsil işçiləri adından minnətdarlıq edib.
Məktəbin gənc müəllimi Aynur Zəkili Ali Məclisin Sədrinə minnətdarlıq edərək deyib: “1995-ci ildə muxtar respublika rəhbəri seçilərkən təhsil quruculuğunu inkişafın əsas istiqaməti kimi müəyyənləşdirmişdiniz. İndi muxtar respublikamızda təhsilin səviyyəsi göz qabağındadır. Təhsil müəssisələrində müasir tədris şəraiti yaradılıb. Məktəblərimiz kompüter, elektron lövhə, dərslik, bədii ədəbiyyat və digər tədris vəsaitləri ilə təmin olunub. Bu gün Dırnıs kənd tam orta məktəbi də Ali Məclis Sədrinin qayğısı sayəsində müasir məktəblər sırasına qoşulur. Hərtərəfli tədris şəraiti yaradılan məktəb bu gün istifadəmizə verilir. Bu, bütün müəllim, şagird və valideynlər üçün böyük hədiyyədir. Yaradılan müasir tədris şəraiti şagirdlərimizin daha yaxşı təhsil almalarına geniş imkanlar açır”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Dırnıs kənd tam orta məktəbinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: Cəmiyyət təhsilsiz inkişaf edə bilməz. Təhsilin də əsası məktəbdə qoyulur. Ona görə də məktəblər müasir tədrisin tələbləri səviyyəsində qurulmalıdır. Müstəqil ölkəmizin gələcəyinin təminatçısı olan gənclərin yetişdirilməsi üçün onlar yaxşı təhsil almalı, vətənpərvər ruhda böyüməlidir. Gənclər elə yetişdirilməlidir ki, onların nəinki Azərbaycanda, həmçinin istənilən xarici ölkələrdə ali təhsil almaq, peşə öyrənmək imkanları olsun. Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, “Gənclərimizə yüksək təhsil verməklə bərabər, onları əsl vətəndaş kimi böyütməliyik”. Məktəbdə təhsillə bərabər, gənclərimizi həm də vətənpərvər ruhda böyütməliyik ki, gələcəkdə ölkəsi, cəmiyyət və ailəsi üçün yararlı vətəndaşa çevrilə bilsin. Bu gün Dırnıs kənd tam orta məktəbinin yaxşı müəllim kollektivi formalaşıb. Bu, özünü məktəbin son 5 ildəki nəticələrində göstərir. Məktəbi bitirənlərin 71 faizi ali və orta ixtisas məktəblərinə qəbul olunub. Bu da muxtar respublikanın orta göstəricisinə yaxındır.
Ali Məclisin Sədri bu münasibətlə kollektivə təşəkkür edərək deyib: Ölkəmizin gələcəyi müəllim kollektivinin fəaliyyətindən asılıdır. Burada yetişdirilən gənclər ölkənin gələcəyini təmin edəcək, müstəqilliyimizi, dövlətçiliyimizi davam etdirəcəklər. Hər bilikli gənc də ölkənin fəxridir. Harada olmalarından asılı olmayaraq, onlar azərbaycançılıq ideologiyası ilə yaşamalı, vətənə xidmət haqqında düşünməli, eyni zamanda özlərinin davranışları ilə nümunə olmalıdırlar. Bunların hamısının əsası isə məktəbdə qoyulur. Yaradılan şərait, eyni zamanda kollektivin öz işinə məsuliyyətlə yanaşması gələcəkdə bu məktəbin nailiyyətlərinin artmasına imkan verəcəkdir. Bu gün istifadəyə verilən məktəb binası uzun illər istifadə olunmalı, qurulanlar qorunmalıdır.
“Təhsil ocağında tədrisin səviyyəsi yüksəldilməli, məktəbi bitirən hər bir gənc mütləq bir peşəyə yönləndirilməlidir”,- deyən Ali Məclisin Sədri bildirib ki, bunun üçün hər cür şərait yaradılmışdır. Hər bir müəllim yetişdirdiyi gənclərlə ölkənin gələcəyinə xidmət etmiş olur. Ona görə də ölkəmizin gələcəyi naminə hər kəs gənclərin gələcəyə hazırlanması işinə töhfə verməlidir. Məktəb işi bu istiqamətdə xüsusən fərqlənməlidir. Dövlət, məktəb, cəmiyyət birgə fəaliyyət göstərərək ölkənin bu gününü və gələcəyini təmin etməlidir. Bu gün ölkəmizdəki dövlət-xalq birliyi inkişafın təminatçısıdır. Bu yolun da əsası ümummilli liderimizin Azərbaycana rəhbərliyi illərində qoyulub. Müasir Dırnıs kəndi bu yolun uğurla davam etdirilməsinə nümunədir.
Ali Məclisin Sədri kollektivə tədrisdə uğurlar arzulayıb.
Binanın həyətində bufet və qazanxana tikilib, açıq idman qurğuları quraşdırılmış, yaşıllıq salınıb.

761958
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
409
862
1271
9906
761958

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg