Naxçıvanda ümummilli liderimiz Heydər Əliyevin xatirəsi yad edilib

Dekabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül qoyub, ulu öndərin xatirəsini dərin ehtiramla yad edib.
 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, nazirlik, komitə, xidmət və baş idarələrin, müəssisə və təşkilatların, ali məktəblərin, hərbi hissələrin nümayəndələri, Türkiyə Respublikasının Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu və konsulluğun işçiləri, İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasındakı Baş konsulluğunun əməkdaşı və Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəsi də ulu öndərin xatirəsinə ehtiramlarını bildiriblər.
Azərbaycanın müstəqil və inkişaf etmiş dövlət kimi dünyada söz sahibi olması görkəmli dövlət xadimi Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. “Mənim üçün öz həyatımdan, öz canımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədi etməkdir”, - deyən dahi şəxsiyyət dövləti və xalqı qarşısındakı xidmətləri, parlaq ideyaları və uzaqgörən siyasəti ilə hələ sağlığında xalqının ümummilli lideri adını qazanıb.
Ulu öndərin 1969-cu il iyulun 14-də respublika rəhbərliyinə gəlişi ilə əslində, Azərbaycanın müstəqillik tarixinin əsası qoyulub. 1969-1982-ci illərdə ümummilli liderimizin rəhbərliyi ilə Azərbaycanda böyük iqtisadi tədbirlər reallaşdırılıb, istehsal müəssisələri, zavodlar, fabriklər tikilib, təhsil, səhiyyə, mədəniyyət ocaqları fəaliyyətə başlayıb, xalqımızın tarixi yaddaşı bərpa edilib. Bu mənada dövlət müstəqilliyimizin əsasında ulu öndərin ötən əsrin 70-80-ci illərində yaratdığı möhkəm təməl, güclü intellektual və iqtisadi potensial, milli ruh dayanırdı.
Heydər Əliyev – xalq, xalq – Heydər Əliyev birliyi hər zaman Azərbaycanı üzləşdiyi bəlalardan xilas edib. Ümummilli liderimizin Azərbaycan naminə fəaliyyətinin 1990-cı ildən sonrakı mərhələsi xilaskarlıq və quruculuq missiyasına həsr edilib. Bu missiyanın öz başlanğıcını götürdüyü məkan isə Azərbaycanın Naxçıvan Muxtar Respublikasıdır. 1990-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasında yaşayıb fəaliyyət göstərən ulu öndər müstəqilliyimizin əsasını təşkil edən mühüm tarixi qərarlar qəbul edib, muxtar respublikanın erməni təcavüzündən xilas edilməsi, böhranlı vəziyyətdən çıxarılması və müstəqil dövlətçilik ənənələrinin formalaşdırılması istiqamətində tarixi addımlar atıb. Dahi şəxsiyyətin uzaqgörən siyasəti sayəsində muxtar respublikanın adından “sovet, sosialist” sözləri çıxarılıb, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul edilib, milli ordu quruculuğuna başlanıb, Naxçıvan işğaldan qorunub.
Ölkəmiz isə həmin illərdə bunun əksinə hakimiyyətsizlik, vətəndaş qarşıdurması, dövlət müstəqilliyini itirmək, işğal və parçalanmaq təhlükəsi ilə üz-üzə idi. Belə bir dövrdə xalqımız ümid yeri kimi Naxçıvana – ümummilli liderimiz Heydər Əliyevə üz tutdu, onu təkidlə siyasi hakimiyyətə dəvət etdi, nicatını onun hakimiyyətə qayıdışında gördü. Bu qayıdış Milli Qurtuluş Günü kimi tarixə düşdü.
Görkəmli dövlət xadimi Heydər Əliyevin şəxsiyyəti, onun özünəməxsus siyasi idarəetmə qabiliyyəti, qətiyyəti, uzaqgörənliyi Azərbaycanı hərc-mərclikdən, müstəqilliyini itirmək təhlükəsindən xilas edərək hərtərəfli inkişaf yoluna çıxardı. Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz xaosdan, siyasi çəkişmələrdən, işğal və parçalanmaqdan, sosial-iqtisadi böhrandan xilas oldu. Əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın həmrəyliyi, milli birliyi təmin edildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “İnsan tarixə öz əməlləri ilə düşür. Heydər Əliyev tarixin böyük bir hissəsidir. Onun əməlləri, bütün təşəbbüsləri bir məqsəd daşıyırdı - Azərbaycan xalqına xidmət etmək, ölkəmizi gücləndirmək, müstəqilliyimizi möhkəmləndirmək, ölkəmizdə demokratik cəmiyyət qurmaq”.
Ümummilli lider Heydər Əliyev tarix yaradan fenomen şəxsiyyətdir. Bu mənada ulu öndərin həyatı və siyasi fəaliyyəti Azərbaycan xalqının mənəvi sərvətidir. Bu sərvəti qorumaq və ondan doğma Vətənimiz Azərbaycanın rifahı naminə yararlanmaq isə hər bir azərbaycanlının borcudur.
Bu gün ümummilli liderimizin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin nəticəsidir ki, 30 ilədək işğal altında olan torpaqlarımız 44 gün ərzində müzəffər ordumuz tərəfindən düşmən tapdağından azad olundu. Bununla həm tarixi ədalət bərpa olundu, həm də “Azərbaycan müstəqil dövlətdir, müstəqil dövlət kimi onun ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı bərpa edilməli, təmin edilməli və qorunmalıdır”,- deyən ümummilli liderimizin arzuları reallaşdı.
Ulu öndər Heydər Əliyev ideyaları və yolu Naxçıvanda da inkişafın əsasını təşkil edir. Muxtar respublikada bu siyasətin uğurla davam etdirilməsi nəticəsində quruculuq işləri geniş vüsət alıb, iqtisadiyyat dinamik inkişaf edib, infrastruktur yenilənib, sosial proqramlar qəbul edilərək icra olunub, muxtar respublikanın enerji və ərzaq təhlükəsizliyi təmin edilib, etibarlı müdafiə sistemi yaradılıb.
İnkişaf, milli birlik və həmrəylik, güclü dövlət və müstəqillik ümummilli liderimizin siyasi fəaliyyətinin əsas qayəsini təşkil edirdi. Zaman keçdikcə, illər ötdükcə Heydər Əliyev şəxsiyyətinin böyüklüyünü daha dərindən dərk edirik. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Müstəqil Azərbaycan cəmiy­yə­tində inkişafın bir hərə­kət­verici qüvvəsi var: bu–Heydər Əliyev ideyalarıdır. Heydər Əliyev yoluna sadiq qalan xalqımız özünün milli liderinin ide­yalarını yaşatdıqca, onun zəngin xəzinəsindən bəhrələndikcə, daim irə­liyə gedəcək, yaşayacaq və rifaha qovuşacaqdır”.
Müdriklər deyir ki, Vətənə və xalqa həsr olunan ömür bitmir. Ümummilli liderimiz də deyirdi ki: “Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!”.
Həmin gün muxtar respublikanın bütün rayon mərkəzlərində də ümummilli liderimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.

755763
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
539
718
7830
3711
755763

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg