“1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə şəhid və qazi övladlarının, həmçinin sağlamlıq imkanları məhdud uşaqların iştirakı ilə əyləncəli tədbir keçirilib

Muxtar respublikada həyata keçirilən kompleks sosial müdafiə tədbirləri sağlamlıq imkanları məhdud uşaqları da əhatə edir. Onların hərtərəfli inkişafına göstərilən diqqət və qayğı, müvafiq kateqoriyadan olan uşaqların cəmiyyətə inteqrasiyası üçün əlverişli mühit yaradıb. Bu baxımdan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin mart ayının 15-də təsdiq etdiyi “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası mühüm əhəmiyyətə malikdir. Proqramın icrası çərçivəsində, sağlamlıq imkanları məhdud uşaqların asudə vaxtlarının səmərəli təşkili və istirahətlərinin təmin olunması da diqqət mərkəzində saxlanılır. Bu məqsədlə bir sıra tədbirlər, o cümlədən yarış, sərgi, müsabiqələr, əlamətdar günlərdə görüşlər keçirilir.
Bu tədbirlərin davamı olaraq, iyun ayının 1-də Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Gənclər Fondunun və “Cahan Holdinq” Kommersiya Şirkətlər İttifaqının birgə təşkilatçılığı ilə “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əyləncəli tədbir təşkil olunub. Tədbirdə çıxış edən Əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev bildirib ki, muxtar respublikada sosial təminat tədbirləri ilə yanaşı, sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası istiqamətində də zəruri şərait yaradılıb, bu sahədə yeniliklərin tətbiqi diqqət mərkəzində saxlanılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin yüksək diqqət və qayğısı sayəsində, bu sahədə ardıcıl dövlət proqramları təsdiq olunub və ötən müddət ərzində uğurla icra olunub.
Nazir əlavə edib ki, son dövrlərdə, uşaqların iştirakı ilə keçirilən sosial əhəmiyyətli tədbirlərdə, şəhid və qazi övladlarının iştirakına xüsusi önəm verilib, bu məqsədlə onlar üçün bir sıra tədbirlər və istirahət düşərgələri təşkil olunub. İl ərzində keçirilmiş 10-dan artıq tədbirdə 300-ə yaxın uşağın iştirakı təmin edilib. Bununla yanaşı, sağlamlıq imkanları məhdud istedadlı şəxslərin əmək qabiliyyətinin stimullaşdırılması məqsədilə, bu qəbildən olan 27 müəllifin 500-ə yaxın əl işinin sərgi-satışı da təşkil olunub. N.Babayev sosial qayğıya ehtiyacı olan uşaqlara göstərilən yüksək diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə dərin minnətdarlığını bildirib.
Daha sonra çıxış edən Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev uşaqları təbrik edərək vurğulayıb ki, uşaqlar bizim gələcəyimizdir. Tarix boyu hər bir dövlət, hər bir cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən sağlam böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab edib. Azərbaycan dövləti də bu mühüm məsələyə qayğı ilə yanaşır. Bu gün müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə əhatə olunub. Muxtar respublikamızda da uşaqlarla iş dövlətin daim diqqət mərkəzindədir. Bu gün muxtar respublikamızda sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olmuş uşaqların cəmiyyətə inteqrasiyası üçün mühüm tədbirlər reallaşdırılır. Vurğulanıb ki, bu istiqamətdə sosial könüllülərin rolu yüksək qiymətləndirilməlidir. Çünki xüsusi günlərdə və bayram ərəfələrində sosial könüllülərimiz həmin kateqoriyadan olan uşaqların yanında olmaqla, öz gənclik öhdəliklərini yerinə yetirirlər.
Çay süfrəsi ətrafında keçirilən tədbirin bədii hissəsində sağlamlıq imkanları məhdud istedadlı uşaqlardan ibarət “Ümid” musiqi qrupunun və yaradıcılıq müsabiqələrində yüksək nəticələr göstərmiş sağlamlıq imkanları məhdud istedadlı uşaqların ifasında müxtəlif yaradıcılıq nümunələri nümayiş etdirilib. Tədbir iştirakçılar arasında müxtəlif əyləncəli oyunlarla və “Əyləncə Adası”nda gəzinti ilə davam etdirilib.
Qeyd edək ki, sonda uşaqlara sosial könüllülərin iştirakı ilə hədiyyələr də təqdim olunub.

762020
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
471
862
1333
9968
762020

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg