Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında qarşıya qoyulan vəzifələr müəyyənləşdirilib, yarım ilin yekunları müzakirə edilib

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında qarşıya qoyulan vəzifələrə və yarım ilin yekunlarına həsr olunan kollegiya iclası keçirilib. Kollegiya iclasını nazir Nicat Babayev giriş sözü ilə açaraq bildirib ki, cari ilin birinci yarısında muxtar respublikanın sosial–iqtisadi həyatında əldə edilən uğurlu nəticələr, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsinə əlverişli zəmin yaradıb. Belə ki, birinci yarımil ərzində muxtar respublikada 1313 nəfər iqtisadiyyatın müxtəlif sahələrində işlə təmin olunub ki, onlardan da 215 nəfərini əmək yarmarkalarında işə göndərilənlər təşkil edib. İşaxtaran şəxslərin ictimai işlərə cəlb olunması diqqət mərkəzində saxlanılıb, 26-sı sağlamlıq imkanları məhdud şəxs olmaqla, ümumilikdə 72 nəfər sosial yönümlü ictimai işlərə cəlb olunub. Eyni zamanda, işaxtaran və işsiz şəxslərin peşə hazırlığı, yenidən hazırlığı və ixtisasartırma kurslarında iştirakı təmin edilib, bu kurslara ümumilikdə 198 nəfər cəlb olunub.
Qeyd olunub ki, muxtar respublikada Özünüməşğulluq Proqramının bu günədək icrası nəticəsində, 5126 nəfər üzvü olan 1107 ailənin özünüməşğulluğu təmin edilib ki, həmin ailələrə kənd təsərrüfatı, xidmət və istehsal sahələri üzrə aktivlər verilib. Kənd təsərrüfatı sahəsi üzrə Proqrama cəlb olunan 1054 ailədən 734-nə 2 baş iribuynuzlu, 189-na 20 baş xırdabuynuzlu, 20-nə 10 yeşik arı ailəsi, 2-nə 100 baş ev quşu və yem ehtiyatı, 82-nə mini yerşumlayan aqreqat, 11-nə inkubator və quş tükü təmizləyən aparat, 11-nə otbiçən aqreqat, 1-nə otdoğrayan aqreqat, 2-nə südsağan aqreqat, 2-nə isə su motoru verilib.
Eyni zamanda dülgər avadanlıqları, dərzi avadanlıqları, döşəmə hamarlayan dəzgah, təmir tikinti alətləri verilməklə 41 ailənin xidmət sahələri üzrə özünüməşğulluğu təmin edilib. Bununla yanaşı, mürəbbə və şirələrin hazırlanması üçün ləvazimatlar, unlu və qənnadı məmulatların hazırlanması üçün ləvazimatlar və xalçaçı avadanlıqları verilməklə istehsal sahəsi üzrə 12 ailə Proqrama cəlb olunub.
Cari ildə 862 nəfər üzvü olan 182 ailə proqrama cəlb edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19 vahid çox olub. Eyni zamanda, proqrama cəlb edilmiş və təsərrüfatını nümunəvi şəkildə inkişaf etdirən şəxslərin daha da həvəsləndirilməsi məqsədilə 6 ailəyə aqreqatlar verilib.
Bu ildən başlayaraq, Azərbaycan Respublikasının Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsi, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Banklar Assosiasiyası arasında bağlanan Memorandum çərçivəsində 50 sosial qayğıya ehtiyacı olan ailənin proqrama cəlb olunması nəzərdə tutulub. Artıq bu ailələrdən 25-i istəklərinə uyğun aktivlərlə təmin edilib. Həmçinin son dövrdə bu prosesə muxtar respublikada fəaliyyət göstərən sahibkarlıq subyektləri də qoşularaq, 20 ailənin özünü¬məşğulluğunun təmin edilməsində sosial tərəfdaş qismində iştirak edib.
Bildirilib ki, muxtar respublikada məşğulluq tədbirlərinin həcminin və keyfiyyətinin artırılmasına paralel olaraq, qeyri-formal məşğulluqla mübarizə də Nazirliyin fəaliyyətində əsas istiqamətlərindən birini təşkil edib. Bu sahədə birinci yarımildə həyata keçirilən nəzarət tədbirləri zamanı, 53 obyektdə 118 işçinin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işə cəlb edildiyi müəyyənləşdirilib, fərdi mühafizə vasitələrindən istifadə etməyən 133 işçi həmin vasitələrlə yerində təmin edilib. Yol verilmiş nöqsanlara dair işəgötürənlərə yazılı xəbərdarlıq edilib, həmçinin xəbərdar¬lıqların icrasının təmin edilməsi diqqətdə saxlanılıb.
İyun ayın 1-dən etibarən isə, əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sisteminin bazasında “Əmək və Məşğulluq” altsistemi fəaliyyətə başlayıb. Bununla əlaqədar olaraq, muxtar respublikanın şəhər və rayonlarında işəgötürənlərlə maarifləndirici görüşlər keçirilib. Hazırda sistemdə 50 minə yaxın aktiv əmək müqaviləsi bildirişi mövcuddur.
Diqqətə çatdırılıb ki, ilin birinci yarısında, xüsusi qayğıya ehtiyacı olan muxtar respublika sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunub, sosial müavinətlərin və təqaüdlərin ödənişində operativlik təmin edilib, bu sahədə müvafiq məlumatların “Sosial Ödənişlər” altsisteminə inteqrasiyasına başlanılıb.
Sosial xidmətlərin icrası zamanı, Vətən müharibəsi iştirakçıları və şəhid ailələrinin müraciətlərinə xüsusi həssaslıqla yanaşılıb. Bu dövrdə, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində 15 şəhid ailəsi və müharibə əlili mənzillə, 16 müharibə əlili avtomobillə təmin olunub. Müvafiq kateqoriyadan olan 4 şəxsin kredit borcu bağlanıb, 10 ailənin mənzil-məişət şəraiti yaxşılaşdırılıb.
Vurğulanıb ki, sözügedən dövr ərzində, “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq, sağlamlıq imkanları məhdud uşaqların təhsil müəssisələrinə cəlbi istiqamətində zəruri tədbirlər həyata keçirilib, onların tibbi reabilitasiyası istiqamətində yeniliklərin tətbiqi diqqət mərkəzində saxlanılıb. Bu dövrdə, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində fəaliyyət göstərən Distant Tədris Mərkəzində ümumilikdə 20-dən artıq sağlamlıq imkanları məhdud uşağın distant tədrisi davam etdirilib.
Cari ildən, göstərilən tibbi reabilitasiya tədbirlərinin həcmi artırılıb, Nazirliyin tabeliyində fəaliyyət göstərən bərpa mərkəzlərinin tibbi inventarı yenilənib, müəssisələr müasir tələblərə cavab verən yeni avadanlıqlarla təchiz olunub. Bu dövrdə, bərpa mərkəzlərində 310 nəfərin müalicəsi təşkil edilib, 147 şəxsə protez və ortopedik xidmətlər göstərilib, 350 nəfər reabilitasiya vasitələri ilə təmin edilib.
İlin birinci yarısında Naxçıvan Tibbi-Sosial Ekspert Komissiyasında 2000-nə yaxın şəxsin ekspertizası aparılıb, o cümlədən müvafiq dövlət orqanları tərəfindən daxil olan müraciətlər əsasında, bir qrup şəxsin əyani müayinəsi təşkil olunub.
İclasda görülmüş işlərlə yanaşı, yol verilmiş nöqsan və çatışmazlıqlar da müzakirə edilib. Məruzə ətrafında çıxışlar olub, kollegiya iclası qərar layihəsinin oxunuşu ilə başa çatdırılıb.

748200
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
267
520
8590
26974
748200

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg