Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Ofisinin nümayəndələri muxtar respublikada səfərdədirlər

Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Ofisinin nümayəndələri Naxçıvan Muxtar Respublikasına səfər ediblər. Səfərdə əsas məqsəd, muxtar respublikada sağlamlıq imkanları məhdud şəxslərə göstərilən reablitasiya xidmətləri ilə tanışlıq, o cümlədən bu sahədə köməkçi texnologiyaların tətbiqi imkanlarının qiymətləndirilməsindən ibarətdir. Səfərin ilk günü, nümayəndələrlə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində görüş keçirilib. Görüşdə nazir Nicat Babayev qonaqları salamlayaraq, muxtar respublikada sağlamlıq imkanları məhdud şəxslərin reabilitasiyası istiqamətində həyata keçirilən tədbirlər haqqında məlumat verib. Bildirilib ki, Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud şəxslərin reabilitasiyası və cəmiyyətə inteqrasiyası diqqət mərkəzində saxlanılır, bu məqsədlə onlara müvafiq sosial xidmətlər göstərilir. Bu qəbildən olan insanların təhsili, məşğulluğu və asudə vaxtlarının səmərəli təşkilinə xüsusi önəm verilir, həyatın bütün sahələrində sərbəst və manesiz fəaliyyət imkanları təmin edilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə, sağlamlıqlarını qismən itirmiş şəxslərə mənzillər və avtomobillər təqdim olunur. Vurğulanıb ki, bu şəxslərin muxtar respublikanın sosial-ictimai həyatına fəal inteqrasiyasını təmin edən müxtəlif dövlət proqramları qəbul olunur, tədbirlər təşkil edilir. Əlamətdar günlərdə onlarla görüşlər keçirilir, yaradıcılıq müsabiqələri, hazırladıqları məhsullar üçün sərgi-satışlar təşkil olunur. Bu sahədə ictimai fəaliyyətin artırılması üçün isə könüllülük proqramlarının imkanlarından geniş istifadə olunur.
Görüşün ardından, qonaqların Naxçıvan Protez-Ortopedik Bərpa Mərkəzi ilə tanışlığı təşkil olunub. Məlumat verilib ki, 2019-cu ildən fəaliyyət göstərən Naxçıvan Protez-Ortopedik Bərpa Mərkəzi, dayaq hərəkət sisteminin funksiyasını itirmiş şəxslərin reabilitasiyası və protezləşməsi ilə məşğul olan sosial yönümlü tibb müəssisəsidir. Mərkəzdə sağlamlıq imkanları məhdud şəxslərə xidmət ambulator şəkildə həyata keçirilir. Burada yuxarı və aşağı ətraf protezləri, müxtəlif növdə ortezlər, skolyoz, lordoz və kifoz xəstələri üçün korsetlər və digər ortopedik vasitələr hazırlanır.
Bildirilib ki, Naxçıvan Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən cari ilin 8 ayında 205 nəfər sağlamlıq imkanları məhdud şəxsə protez-ortopedik xidməti göstərilib. Protez-ortopedik xidməti göstərilənlərdən 61 nəfəri sağlamlıq imkanları məhdud uşaqlar olub. Naxçıvan Protez-Ortopedik Bərpa Mərkəzinə gələ bilməyən şəxslər üçün isə vaxtaşırı səyyari xidmətlər də təşkil edilir. Bu il evlərində sağlamlıq imkanları məhdud 9 nəfərə 15 ədəd texniki reabilitasiya vasitələri verilib, sağlamlıq imkanları məhdud uşaqların protezinə səyyar baxış keçirilib.
Növbəti gün Ümumdünya Səhiyyə Təşkilatının əməkdaşları əvvəlcə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində olublar. Ali təhsil ocağından sonra isə qonaqlar Naxçıvan Uşaq Bərpa Mərkəzində olublar. Onların diqqətinə çatdırılıb ki, 15 ilə yaxındır fəaliyyət göstərən Naxçıvan Uşaq Bərpa Mərkəzində ən son texniki-tibbi vasitələrlə sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası həyata keçirilir. Stasionar və ambulator şəraitdə müalicə aparılan Mərkəzdə, sağlamlıq imkanları məhdud uşaqların dəqiq müayinə və müalicə olunması üçün müasir standartlara cavab verən müvafiq tibbi avadanlıqlar istifadə olunur. Mərkəzdə bu il 44 nəfər stasionar, 186 nəfər isə ambulator olmaqla ümumilikdə, 230 nəfər müalicə kursu qəbul edib.
Daha sonra xarici nümayəndələr Naxçıvan Əlillərin Bərpa Mərkəzinə baş çəkiblər. Burada diqqətə çatdırılıb ki, sağlamlıq imkanları məhdud şəxslərin tibbi və sosial reabilitasiyası məqsədilə 2004-cü ilin may ayından fəaliyyət göstərən Naxçıvan Əlillərin Bərpa Mərkəzində əlliliyi olan şəxslərin müalicə və müayinəsi üçün hərtərəfli şərait mövcuddur. Mərkəzdə müalicə kursları ambulator və stasionar olmaqla, ixtisaslı həkimlərin təyinatı əsasında, müvafiq tibb personalı tərəfindən həyata keçirilir.
Naxçıvan Əlillərin Bərpa Mərkəzində bu ilin 8 ayı ərzində 109 nəfər stasionar, 106 nəfəri ambulator olmaqla ümumilikdə, 215 nəfər sağlamlıq imkanları məhdud şəxs müalicə kursu qəbul edib.
Qeyd edək ki, qonaqlar hər iki mərkəzə cari ilin əvvəlində təqdim edilmiş yeni tibbi avadanlıqlara da baxış keçirib, yaradılan şəraitdən məmnunluqlarını ifadə ediblər.
Bərpa mərkəzləri ilə tanışlıqdan sonra isə, Avropa ofisinin nümayəndələri Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində olublar. Məlumat verilib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2010-cu ilin oktyabrın 5-də muxtar respublikaya səfəri zamanı açılışında iştirak etdiyi Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzi müasir texnologiyalarla təchiz olunub və müəssisədə təyinatına uyğun bütün xidmətlərin göstərilməsi üçün zəruri şərait yaradılıb. Həmçinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 20 iyun tarixli “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamının icrasına uyğun olaraq, Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində Distant Tədris Mərkəzi istifadəyə verilib. Mərkəzdə eşitmə və danışma məhdudiyyəti olan şəxslər üçün də distant dərslər keçirilir. Distant tədrisə cəlb edilmiş xüsusi qayğıya ehtiyacı olan uşaqların yaşadıqları evlər müvafiq kompyuter avadanlıqları və internetlə təchiz edilir, həmçinin, bu şagirdlər məktəbli geyim dəsti və dərs ləvazimatları ilə təmin olunurlar. Bu məqsədlə, qarşıdan gələn tədris ili ərəfəsində 600-dək sosial qayğıya ehtiyacı olan şagird, o cümlədən sağlamlıq imkanları məhdud uşaq müvafiq vəsaitlərlə təmin ediləcəkdir.
Qeyd olunub ki, hazırda mərkəzdə müxtəlif defektoloji bölmələr, psixoloji dəstək xidməti, hiperaktivlik və diqqət dağınıqlığı olanlar üçün təlim-bərpa otağı, əmək terapiyası, musiqi terapiyası, kinekt oyunlar otağı mövcuddur. Bununla yanaşı, mərkəzdə görmə məhdudiyyətli şəxslər üçün brayl displeylər, sürətli internet, oxu materialını böyüdən avadanlıqlar, həmçinin yazı formatında olan kitabları səsləndirən oxu maşını, audio kitabxana fondunu zənginləşdirmək üçün audio studiya fəaliyyət göstərir. Həmçinin, burada görmə və eşitmə qabiliyyəti məhdud şəxslərə xüsusi proqram təminatı əsasında audio və elektron kitabxana xidməti də mövcuddur. Azərbaycan Respublikasında ilk dəfə olaraq yaradılan bu xidmətdən muxtar respublikanın istənilən bölgəsində yaşayan görmə qabiliyyəti məhdud şəxslər arzuladıqları audiokitabları dinləmək imkanına malikdirlər. Görülən bu işlərlə yanaşı, mərkəzdə brayl əlifbası ilə “Könül işığı” adlı aylıq və onun xüsusi buraxılışı olan uşaqlar üçün rüblük “Şəfəq” jurnalı çap edilir. Eyni zamanda, brayl nəşrlərə olan ehtiyacı nəzərə alaraq, Regional İnformasiya Mərkəzində oxunması zəruri olan kitablar, yazıçı və şairlərin digər əsərləri çap edilərək müvafiq kateqoriyadan olan oxucuların istifadəsinə verilir.

747996
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
63
520
8386
26770
747996

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg