İstedadlı qadınların və məhdud fiziki imkanlıların əl işləri sərgi-satışa çıxarılıb

Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında məhdud fiziki imkanlıların və istedadlı qadınların rəsm və əl işlərindən ibarət sərgi-satış təşkil olunub.
Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Emin Məmmədov bildirib ki, dövlətimiz tərəfindən yaradılan şərait, göstərilən diqqət və qayğı qadınların ictimai-siyasi və sosial-mədəni həyata daha aktiv cəlb olunmasına yol açır, onların potensial imkanlarından geniş istifadə etməsinə stimul verir. Nəticədə istedadlı qadınların məşğulluğu təmin edilir, rifah halı yüksəlir.
Qeyd edilib ki, muxtar respublikada istedadlı qadınların əl işlərindən ibarət sərgi-satışların təşkili artıq ənənə halını alıb. Sağlamlıq imkanları məhdud şəxslərin və istedadlı qadınların əl işlərindən ibarət bugünkü sərgi-satış da çeşid bolluğu və rəngarəngliyi ilə fərqlənir. Sərgidə muxtar respublikamızın istedadlı qadınları qədim xalq sənətlərimizdən olan bir çox nümunələr nümayiş etdirirlər.
Emin Məmmədov 10 gün davam edəcək sərgi-satışın istedadlı qadınların üzə çıxmasında mühüm rol oynayacağına əminliyini bildirib, sərgidə iştirak edənlərə yaradıcı fəaliyyətlərində uğurlar arzulayıb.
Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Nicat Babayev bildirib ki, ötənilki sərgidə sağlamlıq imkanları məhdud 91 müəllifin 1195 adda əsəri nümayiş etdirilmişdi. Hazırda müəlliflərin sayı 100-ə çatıb və əl işlərinin sayı isə 2 mini ötüb. Müəlliflər sırasında sağlamlıq imkanları məhdud şəxslərlə yanaşı, ahıl vətəndaşlar, özünüməşğulluq proqramına cəlb edilmiş şəxslər də yer alır.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova bildirib ki, “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrası uğurla davam etdirilir. Proqrama uyğun olaraq bu ilin ötən dövründə 18 səyyar sərgi-satış keçirilib və 103 istedadlı şəxsin 5379 manat dəyərində əl işi satılıb.
Sərgidə əl işləri yer alan istedadlı qadınlara uğurlar arzulayan Ramilə Seyidova bildirib ki, sərgi-satış çərçivəsində "Ən yaxşı əl işi” müsabiqəsi keçiriləcəkdir. Müsabiqədə əl işləri - rəsm, toxuma-tikmə, dekorativ tətbiqi sənət nominasiyaları üzrə 1-ci, 2-ci və 3-cü yerlər olmaqla seçiləcəkdir. Qaliblər sərgi-satışın sonuncu günü mükafatlandırılacaq. Komitə sədri çıxışının yekununda göstərdiyi diqqət, qayğı və dəstəyə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Cənab Vasif Talıbova dərin minnətdarlığını bildirib.
İstedadlı qadınlardan Qızxanım Hüseynova yaradıcı insanlara göstərilən diqqət və qayğıya görə minnətdarlıq edib.
Sonra sərgi-satışa baxış olub.
Qeyd olunub ki, sərgi-satışa ümumilikdə 442 şəxsin 10 min 668 yaradıcılıq nümunəsi çıxarılıb. Sərgi-satışda şəhər və rayonlarda yaşayan istedadlı qadınların, həmçinin Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi üzvlərinin, Uşaq-Gənclər və Texniki Yaradıcılıq mərkəzlərinin qadın dərnək rəhbərləri və üzvlərinin, ali təhsil müəssisələrinin qadın tələbə və müəllimlərinin, Naxçıvan Biznes Mərkəzinin emalatxanasında çalışan qadınların, məhkum qadınların, eləcə də sərmayə kapitalı verilən 38 qadının əl işi sərgilənir.
Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 347 şəxsin 8668 sayda əl işi sərgi-satışa cəlb olunub. Toplanılan əl işləri arasında muxtar respublikanın yeraltı və yerüstü sərvətlərindən hazırlanmış sənətkarlıq nümunələri, müxtəlif yerli və təbii daşlardan hazırlanan bəzək əşyaları, toxuma, tikmə, dekorativ iş, qrafik iş, vitraj, ebru sənəti, muncuqla, gipslə, daş tozu ilə, mislə, duzla hazırlanan əl işləri, taxta üzərində oyma, taxta üzərində yandırma, xalça, dekorativ və tikmə tablo, həmçinin muxtar respublikanı tərənnüm edən sulu və yağlı boya ilə işlənmiş rəsm əsərləri, mənəvi və ailə dəyələrini əks etdirən əl işləri üstünlük təşkil edir.

752391
Bu gün
Dünən
Bu həftə
Bu ay
Ümumi
339
3374
4458
339
752391

NAXÇIVAN MUXTAR RESPUBLİKASI

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 9.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg